
Laçında alternativ enerjinin səmərəliliyi ilə bağlı təlim keçirilib
“Bərəkət” İctimai Birliyi “Qarabağ və Şərqi Zəngəzurda ev təsərrüfatlarında alternativ enerjinin iqtisadi səmərəliliyi” adlı layihənin icrasını davam etdirir.
İctimai Birliyin sədri Niyazi Həsənov bildirib ki, layihənin məqsədi işğaldan azad edilmiş ərazilərin yaşayış məntəqələrində yaşayış evlərinin və ictimai-inzibati binalarda damüstü günəş panellərinin quraşdırılmasının iqtisadi səmərəliliyini müəyyən etməkdir.
2025-ci il 24-25 iyun tarixlərində Laçın şəhərində və Zabux kəndində layihə çərçivəsində “Ev təsərrüfatlarının alternativ enerjinin iqtisadi səmərəliliyi” adlı təlimlər keçirilib.
Təlimlərə Laçında yaşayan 40-dan çox sakin cəlb edilib.
İki gün davam edən təlimlərdə iştirakçılara alternativ enerji mənbələrinin ev təsərrüfatlarında tətbiqinin həm ekoloji, həm də iqtisadi baxımdan vacibliyi bildirilib, iştirakçıların bu sahədə bilik və bacarıqları artırılıb. İştirakçılar həmçinin yaşıl enerji texnologiyalarının geniş tətbiqinə dair praktiki tövsiyələrlə də tanış olublar.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.