Naxçıvanda “İntellekt dalğası regionlarda” layihəsinin icrasına başlanılıb
“Estafet” Gənclərin İctimai Birliyi “İntellekt dalğası regionlarda” layihəsinin icrasına başlayıb. 2025-ci il iyulun 4-də Şərur şəhərində layihənin açılış tədbiri keçirilib. İctimai Birliyin sədri Arzu Qasımov bildirib ki, layihənin məqsədi gənclərin düşünmə bacarıqlarını, analitik qabiliyyətlərini inkişaf etdirməkdir.
Tədbirdə 10 komandanın iştirakı ilə “İntellekt Çempionatı”nın Şərur rayon seçimi keçirilib. Yarış “Nə? Harada? Nə zaman?” formatında baş tutub. Aparıcı tərəfindən iştirakçılara ümumi dünyagörüşünü əhatə edən 24 sual səsləndirilib. Yarışda ümumilikdə 60 nəfər gənc iştirak edib.
Seçim turunun Naxçıvan Muxtar Respublikasının Sədərək, Kəngərli, Ordubad, Culfa, Babək və Şahbuz rayonlarında da keçirilməsi planlaşdırılır. Rayon seçmələrində qalib olan 7 komanda Naxçıvan şəhərində “İntellekt Çempionatı” adlı final yarışında iştirak edəcəklər.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.









