“COP29-un qlobal mirasının təhlili” üzrə layihə icra olunur
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi “COP29-un qlobal mirasının təhlili” layihəsinin icrasını davam etdirir. 2025-ci il iyunun 3-də layihə çərçivəsində Şamaxı rayonunun Quşçu kəndində sakinlərlə görüş keçirilib. İctimai Birliyin sədri Sadiq Həsənov bildirib ki, layihənin məqsədi 2024-cü ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının - COP-29 Tərəflər konfransında müzakirə olunan məsələlərin təhlili və ictimaiyyətə çatdırılması, kəskin iqlim dəyişmələri, onun təsirləri, bu təsirin yumşaldılması üçün müzakirə olunan məsələlər, qəbul edilən qərarlar barədə ictimaiyyətin məlumatlandırılması və maariflənməsinə dəstək olmaqdır.
Tədbirdə Şamaxı rayonu, onun coğrafi vəziyyəti barədə, həmçinin iqlim dəyişmələrinin təsirlərinə məruz qalan rayon və kəndlərdən danışılıb, su ehtiyatlarının azlığından, son illərin quraqlığından söhbət açılıb. Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
İştirakçılara layihə çərçivəsində dərc edilən kitabçalar və maarifləndirici materiallar paylanıb.
Layihə çərçivəsində silsilə görüşlərin Oğuz, Şəki, Qax rayonlarında, yekun tədbirin isə Bakıda keçirilməsi planlaşdırılır.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyidir.


