Laçına yeni köç edən analar və onların övladları üçün təlimlər keçirilib
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi "İşğaldan azad edilmiş ərazilərdə analarla iş" layihəsinin icrasını davam etdirir. 2025-ci il iyulun 12-də layihə çərçivəsində Laçın şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbində ilk təlim keçirilib.
İctimai Birliyin sədri Sevinc Fədai bildirib ki, layihənin məqsədi məktəbəqədər yaşlı uşaqların inkişafında anaların daha fəal iştirakını stimullaşdırmaqdır.
Təlimdə Laçına yeni köç edən analar və onların övladları iştirak edib. Təlim çərçivəsində valideynlərə "Məktəbəqədər yaşlı uşaqların inkişafında ana rolunun gücləndirilməsi", "Post-münaqişə dövründə psixoloji dayanıqlıqlılıq və emosional dəstək", “Analar üçün stresin idarə olunması və psixoloji sağlamlığın qorunması", "Sağlam ailə mühitinin yaradılması: milli dəyərlər və mənəvi inkişaf", "Ailə və icma əlaqələrinin gücləndirilməsi", "Məktəbəqədər təhsil modellərinin inkişafı və onların icmalarda tətbiqi" mövzuları üzrə məlumatlar verilib.
İştirakçılar nəzəri biliklərlə tanış olub, interaktiv məşğələlər vasitəsilə öz təcrübələrini bölüşərək bir-birlərindən öyrənmək imkanı qazanıblar.
Layihə çərçivəsində silsilə təlimlər Zəngilan və Cəbrayılda da keçiriləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.


















