Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yekun tədbiri keçirilib
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kurslarının keçirilməsi” layihəsinin icrasını başa çatdırıb.
2025-ci il sentyabrın 14-də Bakının Yasamal rayonu ərazisində yerləşən tarixi Zərgərpalan hamamında layihənin yekununa həsr olunmuş tədbir keçirilib.
İctimai Birliyin sədri Fariz Xəlilli bildirib ki, layihənin məqsədi orta-ixtisas və ümumtəhsil müəssisələri, həmçinin elmi qurumlardan maraq qrupları arasında mədəni irs sahəsində savadlılığın təşviqidir. Bu məqsədlə layihə çərçivəsində yerli və beynəlxalq səviyyədə tanınan ekspertlərin iştirakı ilə tədris proqramı və vəsait hazırlanıb, 4 təhsil müəssisəsinin şagird, tələbə və müəllim heyəti üçün müxtəlif mövzularda seminarlar, 30 mütəxəssisin iştirakı ilə 16 mövzunu əhatə edən 8 günlük praktiki dərslər təşkil olunub.
Layihənin tədbirlər planına əsasən, tədris vəsaiti nəşr edilib, Kütləvi Açıq Onlayn Kurslar (MOOC) hazırlanıb və 16 mövzu üzrə video dərslər “YouTube” platformasında ictimaiyyətə açıq elan olunub.
Tədbirdə layihə çərçivəsində keçirilmiş təlimlərin iştirakçıları diplomla təltif olunub, təlimlərdə mühazirə ilə çıxış edən ekspertlərə isə sertifikatlar təqdim edilib. Eyni zamanda layihə çərçivəsində hazırlanmış “Mədəni İrs Beynəlxalq Ustad Məktəbi” adlı tədris vəsaiti iştirakçılara təqdim olunub.
Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.










