Lənkəranda “XIX əsr İrəvan mətbəxi” kitabı təqdim olunub
Azərbaycan Milli Kulinariya Assosiasiyası “XIX əsr İrəvan mətbəxi” layihəsinin icrasını davam edir. 2025-ci il oktyabrın 10-da layihə çərçivəsində Lənkəran Dövlət Universitetində “XIX əsr İrəvan mətbəxi” kitabının təqdimatı keçirilib.
İctimai Birliyin sədri Tahir Əmiraslanov bildirib ki, kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan Azərbaycanın milli kulinariya incilərinin, yemək və şirniyyatların reseptlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir.
208 səhifədən ibarət olan kitabda əslən irəvanlı, 1913-1922-ci illərdə İrəvanda yemək və şirniyyat ustası kimi fəaliyyət göstərmiş Əliqulu Zeynalovun əlyazmalarından istifadə edilib. Kitabda 97 xörək, şirniyyat, içki növləri haqqında məlumatlar, onları hazırlanma qaydaları, fotolar, miniatürlər, rəsmlər, dövlət poçt markaları əksini tapıb. Kitabın üz qabığında rəssam Nigar Əliyevanın rəsm əsəri əks olunub.
Təqdimatda rəsmilər, ictimaiyyət nümayəndələri, alimlər, mütəxəsis və tələbələr iştirak edib. Sonda kitabların imza mərasimi keçirilib.
Layihə çərçivəsində kitabın təqdimatı Çin Xalq Respublikasında da keçirilib, növbəti təqdimatlar Bakıda və Tərtərdə planlaşdırılıb.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.







