“Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası” adlı panel müzakirəsi olub
2025-ci il oktyabrın 20-də Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası” adlı panel müzakirəsi keçirilib.
Beynəlxalq Avrasiya Fondunun rəhbəri Umud Rəhimoğlunun moderatorluğu ilə keçirilən müzakirələrdə spikerlər Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov, “Gilavar Foto Klubu”nun rəhbəri Rəşad Mehdiyev, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova olub.
Müzakirələrdə qeyd olunub ki, son 2 ildə Azərbaycan QHT-lərinin ən böyük uğuru dünyaya açılmalarıdır. COP29 dövründə 137 ölkədən BMT statuslu 1023 QHT-nin Azərbaycanın lehinə bəyanat verməsi ilk dəfə baş verən tarixi hadisə idi. Prosesin davamı olaraq, 115 ölkədən nüfuzlu QHT-lərin iştirakı ilə 2025-ci ilin aprelində Bakıda Qlobal Cənub QHT Platforması təsis edildi. Vurğulanıb ki, Qlobal Cənubda dünya əhalisinin 80%-i yaşayır, bu regionun vətəndaş cəmiyyətini ilk dəfə məhz Azərbaycan QHT-ləri birləşdirə bilib, Azərbaycan vətəndaş cəmiyyətinin təşəbbüsü dünyanın 3/2 hissəsini əhatə edən bölgədə beynəlxalq dəstək qazanıb, Bakı Qlobal Cənub QHT Platformasının daimi mənzil qərargahına çevrilib.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli Qlobal Cənubun fəlsəfəsini izah edən təqdimatla çıxış edib: “QHT sektoru artıq xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətini gücləndirilməsinə effektiv yardım göstərməyə qədər inkişaf edib, yeni keyfiyyət qazanıb. Qlobal Cənub QHT Platformasının yaradılması, rəhbərliyinin ölkəmizə həvalə milli QHT sektorunun, Azərbaycan Milli QHT Forumunun artan potensialını, gücünü nümayiş etdirdi. Bu onu göstərir ki, əsas məqsədlərdən birinə – QHT-lərin inkişaf siyasətinin milli inkişaf prioritetlərinə uyğunlaşdırılmasına nail olunub. Artıq inamla deyə bilərik ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən, qayğısı, diqqəti ilə dəstəklənən QHT-lərin inkişafı siyasətinin uğurları ilə hər bir azərbaycanlı qürur duya bilər”. Z.İbrahimli Ekvadorun sabiq xarici işlər naziri Luis Gallegos-un Qlobal Cənub QHT Platforması barədə fikrindən sitatı xatırladıb: “Siz qurduğunuz bu platforma ilə fəxr edə bilərsiniz. Uzun illərdir ki, Qlobal Cənubun birləşdirilməsi məsələsindən danışılır. Nəhayət ki, Azərbaycan liderliyi əlinə götürüb sözdən əmələ keçdi. Bundan sonra sizi məsuliyyətli bir dövr gözləyir”.
Müzakirələrdə o da qeyd olunub ki, dünya müsəlmanlarının 60%-nin yaşadığı, “İslam Səkkizliyi” adlanan D8 ölkələrinin QHT-lərinin ilk görüşünü də məhz Azərbaycan QHT-ləri təşkil edib.
Beynəlxalq Avrasiya Fondunun rəhbəri Umud Rəhimoğlu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-lərinin xaricdə keçirdiyi tədbirlərin sayının əvvəlki illərlə müqayisədə 3.5 dəfə artmasını mühüm göstərici adlandırıb. Müqayisə üçün bildirib ki, əgər 2022-ci ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-ləri cəmi 1 xarici ölkədə 7 tədbir keçirmişdisə, 2024-cü ildə 7 xarici ölkədə 25 tədbir baş tutub.
“Gilavar” Foto Klubu İctimai Birliyinin sədri Rəşad Mehdiyev 2025-ci ildə rekorda imza atdıqlarını bildirib. Belə ki, bu il “Gilavar” Foto Klubu İctimai Birliyi təklikdə 4 xarici ölkədə - Almaniya, Fransa, Belçika, Niderlandda tədbirlər keçirməyə nail olub. O, rəhbərlik etdiyi təşkilatın təcrübəsini bölüşüb, hər bir ölkədə yerli tərəfdaşlar tapılmasının kritik əhəmiyyətini izah edib.
Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov uğur hekayələri barədə təqdimatla çıxış edib. Onun sözlərinə görə, artıq Azərbaycan QHT-lərinin rəyi, baxışı BMT miqyasında istinad mənbəyinə çevrilməkdədir. A.Abbasov bu yaxınlarda ilk dəfə BMT Baş katibinin öz hesabatında “Bakı Təşəbbüs Qrupu”nun yaydığı hesabata istinad etdiyini diqqətə çatdırıb.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova son 35 ildə ilk dəfə BMT-nin Avropa Ofisində qəbul edilmələri, dinlənilmələri barədə məlumat verib, buna nail olmaq üçün apardıqları mübarizədən danışıb. K.Behbudova bu il Azərbaycan itkinlərin ailə üzvlərinin ilk dəfə xarici ölkədə aksiya keçirdiyini bildirib: “30 Avqust - Beynəlxalq İtkinlər Günündə Cenevrədə "Sınıq stul" abidəsi qarşısında keçirilən aksiyada azərbaycanlı itkinlərin şəxsi əşyaları, sənədləri sərgilənib. Eyni zamanda, onların dili ilə insanlığa xitab edən şüarlardan ibarət orijinal kompozisiya təşkil edilib. Dinc aksiya zamanı insanlar azərbaycanlı itkin ailələrinə yaxınlaşaraq onlara təsəlli verməyə çalışıblar. Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır. Aksiya zamanı azərbaycanlı itkin ailələri bu hüquqlarına hörmətlə yanaşılmasını istəyiblər”.
Müzakirələrdə forumun rəsmi açılış panelində səsləndirilmiş fikirlərə dair də rəylər olub. QHT sektorunda kəmiyyətdən keyfiyyətə keçid güclənməsinin inkaredilməz fakt olması diqqətə çatdırılıb. Rəsmi məlumatlara görə, 2022-ci illə müqayisədə 2024-cü ildə Azərbaycanda yeni QHT-lərin dövlət qeydiyyatına alınması 4 dəfə aşağı düşüb. Yeni QHT yaratmağa dair rəsmi müraciətlərin sayı isə 2022-ci illə müqayisədə bu il 3 dəfə aşağı enib. Qeyd olunub ki, bu rəqəmlər QHT fəaliyyətinin göründüyü qədər asan deyil, kifayət qədər mürəkkəb və ciddi iş olmasının cəmiyyət tərəfindən artıq dərk edildiyini aydın nümayiş etdirir.
Yekunda əminlik ifadə edilib ki, qarşıda Azərbaycan vətəndaş cəmiyyətini yeni imkanlar və böyük uğurlar gözləyir. O da vurğulanıb ki, əldə edilmiş nəaliyyətlər arxayınlaşmağa səbəb olmamalı, əksinə, QHT-ləri daha çox çalışmağa sövq etməlidir.









