Qəbələdə "Milli-mənəvi dəyərlərin təbliğində QHT və dini icmaların rolu" mövzusunda regional konfrans keçirilib.
Noyabrın 18-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Qəbələdə "Milli-mənəvi dəyərlərin təbliğində QHT və dini icmaların rolu" mövzusunda regional konfrans keçirilib.
Tədbirdə Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Amil Cavadov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova, eyni zamanda dini icma rəhbərləri, QHT sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan A.Cavadov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutunun vətəndaş cəmiyyətləri institutları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini, maarifləndirici layihələrin həyata keçirildiyini vurğulayıb.
Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov tədbirin keçirilməsinin önəminə toxunaraq QHT və dini icmaların birgə fəaliyyətinin zəruriliyinə toxunub.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bir sıra mənfi təzahürlərlə mübarizədə QHT və dini icmaların əməkdaşlığı məsələsinin olduqca vacib məqamlardan biri olduğunu qeyd edib.
Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova dövlətin bu gün ölkəmizdə fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarına, eləcə də dini icmalara xüsusi diqqət sərgilədiyini, regionlarda keçirilən bu cür konfransların bunun bariz nümunələrindən birini təşkil etdiyini bildirib.
Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili isə çıxışında Qafqaz Albaniyası irsinin həm ölkə daxilində, həm də xaricdə uğurla təbliğ olunmasında və gələcək nəsillərə çatdırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə birgə müxtəlif layihələrin reallaşdırılmasının vacibliyini diqqətə çatdırıb.
QHT sədrləri dini maarifləndirmə işinin artırılmasının, cəmiyyətdə radikallığa şərait yaradan halların aradan qaldırılması istiqamətində hamının səfərbər olmasının, mövcud dini sabitliyi və dini dəyərləri qoruyub saxlamağın əhəmiyyətini vurğulayıblar.
Konfransda gənclərimizin radikalizmdən uzaqlaşdırılması, onlarda vətənpərvərlik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə birgə müxtəlif layihələrin reallaşdırılmasının vacibliyinə toxunulub, faydalı təkliflər irəli sürülüb.
Qeyd edək ki, konfrans çərçivəsində Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Yalağaclı məscidi, “Alban Udi Ocağı”, “Cotari” Alban-Udi və Müqəddəs Məryəm Ana kilsələri ziyarət edilib. Tədbir iştirakçılarına dini ibadətgahlar haqqında geniş məlumat verilib.