100-ə yaxın QHT keyfiyyətli layihə yazılması və idarəedilməsi təliminə cəlb olunub
Naftalan şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “QHT-lərin II İnkişaf və Mübadilə Proqramı”nın açılış mərasimi keçirilib.
Əvvəlcə, mərasim iştirakçıları Naftalan şəhərində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyublar.
Daha sonra mərasimi açıq elan edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bu proqramın dövlətin QHT-lərə növbəti hədiyyəsi olduğunu bildirib, Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinə xüsusi diqqətindən bəhs edib və son illər ictimai iştirakçılığın təşviqi, QHT-lərin bilik və bacarıqlarının artırılması sahəsində görülən işlər barədə ətraflı danışıb. Qeyd edib ki, Agentliyin əsas fəaliyyət istiqamətlərindən biri dövlət və cəmiyyət həyatında QHT-lərin rolunun artırılması, mütəmadi olaraq onlara maliyyə, metodiki dəstək göstərilməklə bu sahənin daha da inkişafına dəstək olmaqdır.
Aygün Əliyeva elan edilmiş müsabiqədən uğurla keçərək təlimlərdə iştirak hüququ qazanan QHT təmsilçilərini təbrik edib.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov da qonaqları salamlayıb və bu cür mühüm tədbirlərin bölgələrdə təşkilinin regionlardakı ictimai birliklərin inkişafı üçün də xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Açılış mərasimində Agentliyin ötən il Mingəçevir şəhərində keçirilən “QHT-lərin I İnkişaf və Mübadilə proqramı” barədə videoçarx da nümayiş olunub.
3 gün davam edəcək təlim çərçivəsində peşəkar təlimçilər tərəfindən QHT-lərə keyfiyyətli layihə yazılışı və idarəedilməsi vərdişləri öyrədiləcək, beynəlxalq layihə yazılışı standartları tətbiq edilməklə, qrup işləri təşkil olunacaq.
Təlimçilər - ADA Universitetinin dosenti Anar Vəliyev və Avropa Komissiyasının beynəlxalq eksperti Vüsal Behbudov proqram ərzində keçiriləcək mövzular, təlimin strukturu və gözləntilər barədə məlumat veriblər.
Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə Agentliyin sertifikatları təqdim olunacaq.
Qeyd edək ki, bu il “QHT-lərin II İnkişaf və Mübadilə Proqramı” üçün müsabiqədə 200-ə yaxın müxtəlif QHT təmsilçisi iştirak edib. Onlardan 90 nəfər QHT təmsilçisi müsabiqədən keçərək təlimdə iştirak hüququ qazanıb. Onlar respublika üzrə 20-ə yaxın rayon və şəhəri təmsil edir.