2024-cü ilin qrant müsabiqələrinin aparılması qaydaları ilə bağlı II infosessiya keçirilib
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü ilin qrant müsabiqələrinin aparılması qaydaları ilə bağlı II infosessiya keçirilib.
Bakı Biznes Mərkəzində təşkil edilən görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş üzrə məsul nümayəndəsi Tural Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov və 90 QHT nümayəndəsi iştirak edib.
Görüşdə qrant müsabiqələri ilə əlaqədar QHT-ləri maraqlandıran suallar cavablandırılıb, müvafiq izahat işləri aparılıb.
Xatırladaq ki, ötən həftə və bu gün keçirilmiş infosessiyalarda ümumilikdə 180 QHT təmsilçisi iştirak edib.
İnfosessiyaların müxtəlif formatlarda davam etdirilməsi nəzərdə tutulur.