Qərbi Azərbaycanda dağıdılmış mədəni, tarixi və dini abidələrimiz ilə bağlı layihənin yekun tədbiri keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının icra etdiyi “Qərbi Azərbaycanda dağıdılmış mədəni, tarixi və dini abidələrimiz: BMT-nin rəsmi veb səhifəsi üçün hesabat” adlı layihənin yekunları ilə bağlı tədbir keçirilib.
Tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini Elşad Mirbəşir, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, layihə rəhbəri Sahib Məmmədov, Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev, ixtisaslaşmış vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, tədqiqatçı alimlər və media təmsilçiləri iştirak edib.
Layihə çərçivəsində Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə müqavilə orqanlarına 3 alternativ hesabat təqdim edilib. Qərbi Azərbaycanda ermənilər tərəfindən məhv edilmiş, dəyişdirilmiş, o cümlədən erməniləşdirilmiş mədəni irsə, dağıdılmış qəbiristanlıqlara dair elektron kataloq hazırlanıb. “X” sosial şəbəkəsində Qərbi Azərbaycanda dağıdılan mədəni irslə bağlı çoxsaylı paylaşımlar da edilib.