“Azad olmuş ərazilərdə yırtıcı və zəhərli heyvanlardan qorunma” adlı layihə başa çatıb
“Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi “Azad olmuş ərazilərdə yırtıcı və zəhərli heyvanlardan qorunma” adlı layihə çərçivəsində həmin ərazilərdə əhali arasında yırtıcı heyvan və həşəratlar barədə maarifləndirmə işlərini Laçında və Zəngilanda davam etdirib.
Layihənin əsas hədəf auditoriyası işğaldan azad edilmiş ərazilərdə tikinti işlərini aparan işçilər və geriyə qayıtmış keçmiş məcburi köçkünlər olub.
“Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin sədri Təvəkkül İsgəndərov bildirib ki, layihə çərçivəsində azad edilmiş ərazilərdə hədəf auditoriyası ilə 36 maarifləndirici görüş keçirilib, 2 ay ərzində görüşlərdə ümumilikdə 600 nəfərdən çox şəxs iştirak edib: “İştirakçılara ərazinin yırtıcı məməliləri -canavar, çaqqal, tülkü və digərləri, yırtıcı quşları - şahin, qartal, kərkəs və digərləri, zəhərli ilanlar və əqrəblər, onlardan qorunma tədbirləri barədə ətraflı məlumat verilib. İşğal dövründə bu ərazilərdə vəhşi yırtıcıların (canavar, ayı, bəbir, vaşaq və s.) və zəhərli ilanların, əqrəblərin sayı xeyli artıb. Azad olmuş ərazilərdə tikinti-quruculuq sahəsində çalışan işçilər və yerli əhali onlarla davranış qaydalarını doğru bilməlidir. Əsas işimiz də bu missiya oldu.
Təəssüf ki, belə yanlış ümumi təsəvvür var ki, bütün ilanlar zəhərlidir, ona görə də ilanla rastlaşdıqda, onu dərhal öldürməyi düşünürlər. Görüşlər zamanı insanlara izah edildi ki, insan ilanlar üçün yem obyekti deyil, onlar pusqu qurub insana hücum etmir, yalnız aqressiya, təhlükə gördükdə özünü müdafiə etmək üçün hücum edir və ya sancırlar. İlan sancması zamanı ilkin tibbi yardım qaydaları da ətraflı izah olunub.
Görüşlərdə insanların fəal iştirakı göstərdi ki, bu layihəyə böyük təlabat olub”.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.