Kəlbəcərə həsr edilən filmin təqdimatı olub
"Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyi tərəfindən icra edilən "Bal kimi süfrə" layihəsi yekunlaşıb.
Layihə çərçivəsində Kəlbəcərə həsr edilmiş sənədli film çəkilib.
Avqustun 31-də Bakıda sənədli filmin təqdimatı olub.
İctimai Birliyin sədri, filmin ssenari müəllifi, Əməkdar jurnalist Firuzə Nadir bildirib ki,
filmin məqsədi Kəlbəcərə qayıdışı əks etdirmək, kəlbəcərlilərin nəsildən-nəsilə yaşatdıqları adət-ənənələri, milli dəyərləri təbliğ etməkdir.
Film geniş tamaşaçı auditoriyası üçün nəzərdə tutulub və gənc nəslin maddi-mədəni irsimizi, mili dəyərlərimizi tanıması, qoruması və yaşatması baxımından çox əhəmiyyətlidir.
Filmdə tanınmış arıçı Sabir Mustafayev Kəlbəcərdə arıçılığın yenidən dirçəlməsindən, iqtisadiyyata, turizmin inkişafına töhfəsindən bəhs edir. O, Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı onların arıçılıq təsərrüfatına da baş çəkməsini, arıçılarla səmimi söhbətini də xatırlayır. Doğma yurda qayıdışın sevincini yaşayan digər sakinlər də Kəlbəcərin dünəni, bu günü ilə bağlı maraqlı faktları, sabahla bağlı arzularını bölüşürlər.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.