2026-cı il mayın 20-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin “İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə” adlı tədbir keçirilib.
Tədbirdə şəhərlərin gələcək inkişafında inklüziv yanaşmalar, sosial bərabərlik, həssas qruplar üçün mənzil və məşğulluq imkanları, işğaldan azad olunmuş ərazilərdə dayanıqlı şəhər modelinin formalaşdırılması, əlçatan infrastruktur, tikinti təhlükəsizliyi, maliyyə dayanıqlılığı və ictimai iştirakçılığın rolu barədə fikir mübadiləsi aparılıb.
Bildirilib ki, şəhər mühiti yalnız fiziki infrastrukturun inkişafı ilə deyil, eyni zamanda sosial inklüzivliyin təmin olunması ilə ölçülməlidir.
Tədbirin sonunda inklüziv, dayanıqlı və yaşanabilən şəhərlərin qurulması istiqamətində dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığının, çoxtərəfli tərəfdaşlığın və beynəlxalq təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyi qeyd edilib.