Naxçıvan və Əskişəhərdə konfranslar keçirilib
“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Müasir türk birliyinin kommunikasiya əsasları” adlı layihənin icrasını yekunlaşdırıb.
Layihə çərçivəsində 2024-cü il oktyabrın 3-də Naxçıvanda, oktyabrın 19-da isə Türkiyədə, Əskişəhərdə “Müasir türk biliyinə açılan qapı - Naxçıvan Sazişi” adlı konfranslar keçirilib.
İctimai Birliyin sədri Nadir Azəri bildirib ki, layihənin məqsədi həm Türk dünyasının birliyinə gedən yolda göstərilən səyləri, həm də Azərbaycanın bu istiqamətdə oynadığı rolu, 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan Sazişinin əhəmiyyətini müxtəlif tədbirlərlə Türk dünyası ictimaiyyətinə, xüsusilə də gənclərə və məktəblilərə çatdırmaqdır.
Layihə çərçivəsində keçirilən konfranslarda müxtəlif məruzələr dinlənilib, çıxışlar edilib, panel müzakirələri keçirilib.
Naxçıvanda məktəblilər arasında mövzu ilə bağlı keçirilən fərdi inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.