Təhlükəsiz və nizamlı miqrasiyanın təşviqinə dair ictimai müzakirə aparılıb
“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsinin icrasını yekunlaşdırıb.
Layihə çərçivəsində 2024-cü il oktyabrın 24-də Dövlət Miqrasiya Xidmətində “Təhlükəsiz və nizamlı miqrasiyanın təşviqi fonunda müasir dövrün çağırışları” mövzusunda seminar keçirilib.
İctimai Birliyin sədri Azər Allahverənov bildirib ki, layihənin məqsədi miqrasiya idarəçiliyi sahəsində həyata keçirilən dövlət siyasətinə yaxından dəstək olmaqla, təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təşəkkül tapmasına nail olmaqdır.
Seminarda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin və aidiyyəti dövlət qurumlarının məsul şəxsləri, miqrasiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, özəl şirkətlərin nümayəndələri və miqrant icmalarının təmsilçiləri və digər şəxslər iştirak ediblər.
Tədbirdə məruzələr dinlənilib, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, layihə çərçivəsində sentyabrın 4-ü və 20-də “Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunması: beynəlxalq sənədlər, mövcud vəziyyət və bu sahədə fəaliyyət perspektivləri”, “Miqrasiya proseslərinin effektiv idarə olunması və bu sahədə korrupsiya ilə mübarizə”, oktyabr ayının 2-si və 23-də isə “İqlim dəyişmələrinin miqrasiya proseslərinə təsiri: beynəlxalq və milli səviyyədə”, “Təhlükəsiz və nizamlı miqrasiyanın təşviqi fonunda müasir dövrün çağırışları” mövzularında da seminarlar keçirilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.