Niderland Krallığında “Qərbi Azərbaycana Qayıdış” Konsepsiyası çərçivəsində tədbir keçirilib
2024-cü il oktyabrın 27-də Rotterdamda “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın sülh və təhlükəsizlik şəraitdə öz yurdlarına qayıtması hüququnun, eləcə də Zəngəzur dəhlizinin açılmasının regiona sosial-iqtisadi təsirlərinin beynəlxalq arenada təbliği” mövzusunda tədbir keçirilib.
Tədbirin birinci hissəsində Qərbi Azərbaycan mövzusunda görülən işlər barədə məlumat verilib.
İkinci hissədə isə layihə çərçivəsində fransız dilində nəşr olunan “İrəvan - torpağımız, tariximiz, taleyimiz” adlı kitabın təqdimatı keçirilib, eyni zamanda qədim İrəvanın rəssam, səyyah, fotoqraflar tərəfindən çəkilən foto və rəsmlərindən, tarixi sənədlərdən ibarət sərgi nümayiş olunub. Sərgidə iştirakçılara İrəvan xanlığı haqqında məlumat verilib, qədim Azərbaycan şəhərinin xəritəsini əks etdirən broşürlər paylanıb.
Tədbirdə İrəvan kətəsi, Göyçə badamburası, yeznəqalın, saray paxlavası, kömbə, qovud, sucuq kimi Qərbi Azərbaycanda tanınan şirniyyatlarla çay süfrəsi təqdim edilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.