Ermənistanın mina müharibəsi mövzusunda yeni sənədli film çəkilib
“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi ““Əngəlsiz qayıdış”: minalarla mübarizə” adlı layihəsinin icrasını yekunlaşdırıb.
Layihə çərçivəsində 2024-cü il noyabrın 2-də Sosial Tədqiqatlar Mərkəzində “Əngəlsiz qayıdış” filminin təqdimatı olub.
İctimai Birliyin sədri Anar Yusifzadə bildirib ki, layihənin məqsədi mina problemi və onun yaratdığı fəsadları dünya ictimaiyyətinə insan hekayələri vasitəsilə çatdırmaqdır.
Film müharibənin faciəsini yaşayan - doğma yurdlarından məcburi köçkün düşən bir ailənin başına gələn hekayədən bəhs edir. Filmin qəhrəmanı, minadan zərərçəkən Asif Əhmədov və iki şəhid, bir qazi anası Nailə Əhmədova çıxış edərək insanları mina faciəsi yaşamamaq üçün ehtiyatlı olmağa çağırıb.
Ssenari müəllifi Esmira Namiqqızı, rejissoru Elnur Cəbrayılov olan film ingilis dilində altyazılarla təqdim olunub.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Qeyd edək ki, mina problemi Agentliyin prioritet mövzularından biridir. 2025-ci qrant müsabiqələrində də mina mövzusu əsas mövzular sırasında elan olunub.