“EkoSfera” Ekoloji-Sosial Mərkəzi COP29 tədbirində ekoloji proqramlarını təqdim edib
2024-cü il noyabrın 11-də COP29-da Yaşıl Zonada Milli QHT Forumunun pavilyonunda “EkoSfera” Ekoloji-Sosial Mərkəzi İctimai Birliyinin yan tədbiri çərçivəsində uşaq və gənclərlə bağlı ekoloji proqramların təqdimatı keçirilib.
Təqdimat təhsil sahəsində çalışan, ölkənin biomüxtəlifliyinin qorunması üzrə mütəxəssislər, habelə ekoloji cəhətdən təmiz və sertifikatlaşdırılmış qida məhsulları ilə məşğul olan şəxslər üçün nəzərdə tutulub.
COP29 Təşkilat Komitəsinin üzvü, “EkoSfera”nın rəhbəri Firuzə Sultanzadə bildirib ki, proqramların məqsədi uşaq və gənclərdə ekoloji bilik və bacarıqların inkişaf etdirilməsi, ekoloji təmiz qidalanma mədəniyyətinin formalaşdırılması və ölkənin aqrobiomüxtəlifliyinin qorunması istiqamətində davamlı fəaliyyətin aparılmasıdır.
İlk olaraq, "Carbon/Plastic Free Eco Food Truck" layihəsinin təqdimatını olub. Qeyd olunub ki, layihə Azərbaycanda dayanıqlı həyat tərzini təşviq etmək və ekoloji problemləri həll etmək üçün innovativ yanaşma əsasında hazırlanıb.
“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik" proqramının təqdimatı zamanı Firuzə Sultanzadə bildirib ki, proqram 2015-ci ildən həyata keçirilir və bu günə qədər respublika üzrə 4000-dən artıq şagirdin bu proqramda iştirakı qeydə alınıb.
"Orqanik Məktəb Bağı" Konsepsiyasının təqdimatı zamanı isə vurğulanıb ki, layihə Azərbaycanda 4 pilot məktəbdə tətbiq edilib. Bu proqram regionlarda məktəblərin həyətyanı sahələrində xüsusi orqanik bağların salınmasını, məktəblilər və onların valideynləri arasında ekoloji təmiz kənd təsərrüfatının təbliğini, ekoloji cəhətdən sağlam və təhlükəsiz qida istehsalının vacibliyi haqqında məlumatlılığı artırmağı hədəfləyir.
Təqdimatlardan sonra iştirakçıların sualları cavablandırılıb.