COP29-da Qoşulmama Hərəkatı regionu QHT-lərin Cənub-Cənub əməkdaşlığı üzrə beynəlxalq konfransının açılış mərasimi keçirilib
2024-cü il noyabrın 15-də COP29 çərçivəsində “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfrans keçirilib.
Yaşıl Zonada “Water” konfrans zalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə baş tutan konfransda Qoşulmama Hərəkatı regionu üzrə QHT-lər fəal iştirak edib.
COP29-un prezidenti Muxtar Babayev beynəlxalq konfrans iştirakçılarına videomüraciət edib. M.Babayev qeyd edib ki, Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə Azərbaycan qlobal təşəbbüslərə imza atıb. İqlim dəyişmələrinə qarşı mübarizədə QHT-lər mühüm töhfəyə malikdir.
BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin QHT şöbəsinin müdiri Vuk-Jin Çang (Wook-Jin Chang) Azərbaycanı COP29-a uğurlu evsahibliyi etməsinə görə təbrik edir və bildirib ki, o, çoxsaylı COP-larda iştirak edib, əminliklə deyə bilər ki, COP29 ən yüksək təşkilatçılıq səviyyəsi olan COP-lar sırasındadır. O, 1 ildən də az müddətdə nəhəng işlərin bu səviyyədə icra olunmasına heyrətini gizlətməyib və Azərbaycan QHT-lərinə bu tədbirdə fəal iştirakını qeyd edib. BMT rəsmisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Azərbaycan Milli QHT Forumuna Cənub-Cənub əməkdaşlığı mövzusuna xüsusi diqqət yetirməyə görə təşəkkür edib. O, həmfikir olduğunu bildirib ki, təbiətə münasibətdə “B” planı olmamalıdır, çünki “B” planeti yoxdur. Vuk-Jin Çang (Wook-Jin Chang) ECOSOC-a dünyadan üzv 6500 QHT-nin 35%-nin Qlobal Cənubdan olduğunu vurğulayıb. O, Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə 100-ə yaxın ölkədən 400-dən çox QHT-nin qatıldığı COP29 QHT Koalisiyasının yaradılması mühüm hadisə adlandırıb. İnanmaq istədiyini bildirib ki, bu unikal platforma Qlobal Cənubun da güclü səsinə çevriləcək.
“Sülhün Kökləri” (“Roots of Peace”) təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn Azərbaycan ərazilərində - Qarabağ və Şərqi Zəngəzurda 1.5 milyondan çox mina və partlamamış hərbi sursatın aşkarlanmasının ətraf mühitə böyük ziyan vurduğunu qeyd edib. O, Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin aparılmasında QHT-lərin mühüm roluna diqqət çəkib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Məmmədova ilk dəfə Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatın regionu ölkələrinin QHT-lərinin bir araya gətirilməsini mühüm başlanğıc adlandırıblar. “SMACHS” Fondunun təsisçisi və himayədarı, Keniya prezidentinin qızı Çarline Ruto da konfransa videomüraciətlə qoşularaq, iştirakçıları salamlayıb. Daha sonra panel müzakirələrə başlanıb