COP29-da türk dövlətləri QHT-lərinin birgə iqlim təşəbbüslərinə dair forum keçirilib
2024-cü il noyabrın 18-də COP29 çərçivəsində Yaşıl Zonada Türk Dövlətləri Təşkilatına (TDT) üzv və bu təşkilatda müşahidəçi statusa malik 8 ölkədən olan QHT-lər birgə iqlim təşəbbüslərinə dair forum keçirib. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistandan olan vətəndaş cəmiyyəti təsisatlarından nümayəndələr foruma qatılıb.
İnsan kapitalına dair türk ölkələrinin iqlim təşəbbüsü forumu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə baş tutub.
COP29 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, ilk dəfədir ki, türk dövlətlərinin QHT-ləri ümumi məqsəd uğrunda bu səviyyədə təşkilatmağa başlayıb. Millət vəkilləri Ramil Həsən, Gülşən Paşayeva birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar.
Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbarə Sultanova Azərbaycanın COP29-a uğurla evsahibliyi etməsinin bütün türk dünyası üçün önəmli olduğunu qeyd edib, bu prosesdə QHT-lər çərçivəsində də əməkdaşlığın genişləndirilməsini mühüm hadisə adlandırıb. Özbəkistan Respublikasının Qeyri-Hökumət Təşkilatları Milli Assosiasiyasının İdarə Heyətinin sədri Kamoliddin İşanxocayev bildirib ki, 2024-cü ilin dekabrında Özbəkistan-Azərbaycan QHT-lərinin II Əməkdaşlıq Forumu olacaq və bu dərinləşən əlaqələrin növbəti təzahürüdür.
Daha sonra forum panel müzakirələrlə davam edib.
“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camalın moderatorluğu ilə keçirilən “İqlim dəyişmələri və insan kapitalı: türk dövlətlərinin vətəndaş cəmiyyəti təsisatlarının rolu” adlı ilk paneldə Şimali Kipr Türk Respublikasının Prezident Administrasiyasının QHT-lərlə iş üzrə məsul nümayəndəsi Latif Akça, Türkiyənin Siyasi, İqtisadi, Sosial Araşdırmalar Mərkəzinin (SETA-nın) təmsilçisi Mustafa Caner, Özbəkistanın “Qadınlar və Qızlar Assosiasiyası”nın sədri Nəsibə Miradilova, Özbəkistandan ekoloq Bunyod Abdullayev mövzu ətrafında məruzələrlə çıxış ediblər.
“Türk dövlətlərində gənclərin iqlim məsələlərinə cəlbində vətəndaş cəmiyyətinin rolu” adlı ikinci paneldə Türkiyənin “Yeşilay” Cəmiyyətinin sədr müavini Sümeyya Ceylan, Qırğızıstanın Gənclər Parlamenti layihəsini həyata keçirən “Vətəndaş İdeyaları Fondu”nun təsisçisi Elnurə İsabəyova, Türk Dövlətləri Təşkilatının Macar nümayəndəliyinin üzvü David Biro, Özbəkistanın Könüllülər Birliyinin rəhbəri Şirin Abidova müxtəlif təqdimatlar ediblər.
Türk dövlətlərinindən olan nümayəndələr sonda bir daha Azərbaycanı Türk dünyasında ilk dəfə COP tədbirini təşkil etməyə nail olmuş ölkə kimi təbrik ediblər, bundan fərəh hissi keçirdiklərini bildiriblər. Qeyd olunub ki, çox qısa müddətdə yüksək səviyyəli təşkilatçılıq işlərinin görülməsi Azərbaycan dövlətinin qüdrətinin daha bir nümayişinə çevrilib.