COP29-da Metsamor AES-nin regional ekoloji təhdidləri ilə bağlı yan tədbir keçirilib
2024-cü il noyabrın 20-də COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Forumu Pavilyonunda “Rüzgar” Ekoloji İctimai Birliyi
Metsamor AES-nin regional ekoloji təhdidləri ilə bağlı yan tədbir keçirib.
İctimai Birliyin sədri İslam Mustafayev bildirib ki, Ermənistanın qəza vəziyyətində olan, istismar müddəti çoxdan başa çatmış Metsamor Atom Elektrik Stansiyasının törətdiyi qlobal təhlükəyə diqqət yetirilməlidir. Bu stansiyanın fəaliyyətinin dərhal dayandırılması barədə Ermənistan hökuməti qarşısında məsələ qaldırılmalıdır.
Tədbirdə qeyd olunub ki, köhnə texnologiya ilə işləyən, 9.5 ballıq seysmik zonada 1976-cı ildə inşa edilmiş, cəmi 8 bala hesablanmış Metsamor Atom Elektrik Stansiyası Azərbaycan, Türkiyə, Ermənistan və bütün region üçün böyük nüvə təhlükəsi yaradır. Ermənistan hakimiyyətinin bu AES ilə əlaqədar məsuliyyətsiz davranışları, dünya ictimaiyyətini aldatmağa hesablanan yalan hesabatları bölgəni növbəti Çernobıl və Fukusima qəzalarına doğru aparır. Hər keçən gün bu risk daha da böyüyür. Tədqiqatçı-alimlər qeyd ediblər ki, Metsamor Atom Elektrik Stansiyasını istismardan çıxarmaq, beynəlxalq ictimaiyyətin gözlədiyi qayda və prosedurlara əməl etmək əvəzinə, Ermənistan hakimiyyəti hər dəfə onun ömrünü süni şəkildə uzatmağa çalışır.
Metsamor Atom Elektrik Stansiyasının maye tullantıları son nəticədə transsərhəd çayı olan Araz çayına axıdılır. Bu stansiya su qıtlığı olan ərazidə yerləşir, köhnələn reaktorunu soyutmaq üçün su dərinlikdəki quyulardan götürülür. Zəlzələlər zamanı yeraltı suların səviyyəsinin və axınların istiqamətinin dəyişməsi mümkündür, bu isə soyutma sisteminin etibarsızlığını aydın nümayiş etdirir.
İ.Mustafayev qeyd edib ki, Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılması da böyük narahatlıq doğurur. Ermənistan ərazisində 200-dən artıq radioaktiv mənbələr mövcuddur. Bu mənbələr sırasına müxtəlif növ izotoplar daxildir. Ermənistanda radioaktiv izotoplarla əlaqədar qaçaqmalçılıq faktları da mövcuddur.
Yan tədbirdə o da vurğulanıb ki, Metsamor Atom Elektrik Stansiyasının tullantılarının yerləşdirildiyi poliqonların artıq dolduğu və yeni nüvə tullantıları poliqonunun yaradılması göstərir ki, bu tullantıların yerləşdirilməsi ilə bağlı ciddi problemlər mövcuddur.
Xüsusi qeyd olunub ki, öz xalqının və region dövlətlərində yaşayan xalqların nüvə təhlükəsizliliyini nəzərə almayan Ermənistan hakimiyyəti yalnız birgə qlobal səylərlə Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmağa məcbur edilə bilər.
Sonda iştirakçıların sualları cavablandırılıb.