
“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin hazırladığı rəqəmsal xəritə barədə BDU-da elmi müzakirə təşkil olunub
2025-ci il mayın 23-də “Azərbaycan Kartoqrafları” İctimai Birliyi ərsəyə gətirdiyi “Ermənistanın mineral xammal resursları” adlı rəqəmsal xəritə ilə əlaqədar Bakı Dövlət Universitetinin müəllim və tələbə heyəti üçün seminar keçirilib. Seminarda əsasən BDU-da geodeziya və kartoqrafiya üzrə təhsil alan tələbələr, bu istiqamət üzrə tədqiqat aparan alimlər iştirak edib.
“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov bildirib ki, bu unikal resurs üzərində peşəkar komanda bir ildən çox fəal iş aparıb, rəhbəri olduğu təşkilat həmçinin Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına qarşı cəbhə açan “Environmental Protection First” (EPF) Koalisiyasının üzvüdür. Cənubi Qafqazın və Xəzər dənizinin ekologiyasını zəhərləyən Ermənistanın dağ-mədən sənayesi müəssisələri barədə interaktiv rəqəmsal xəritə məlmatlar 3 dildə - azərbaycan, ingilis və erməni dillərində təqdim olunur.
O, “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin 2024-cü ildə “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritə də hazırladığını, indiki Coğrafi İnformasiya Sistemləri (CİS) proqramlarına əsaslanan rəqəmsal xəritənin həmin xəritənin bazasında ərsəyə gətirildiyini, lakin materialların xeyli zənginləşdirildiyini diqqətə çatdırıb. İnteraktiv xəritədə faydalı qazıntıların növləri, yerləşdiyi ərazilər, əsas çirkləndirici müəssisələr, onların hansı maddələrlə hansı çayları çirkləndirməsi barədə məlumatlar açıqlanır. Peşəkar kartoqrafik əsər olan xəritə müasir “WGS-84” koordinat sistemində yığılıb, klikləmə üsulu ilə obyektlər haqqında ətraflı informasiya almaq mümkündür. Xəritənin altlığı həm topoqrafik, həm də kosmik görüntülüdür. İstehsal müəssisələri haqqında məlumatlar kosmik təsvirlərin analizi nəticəsində alınıb. Xəritədə xammal emalı müəssisələrinin, istismar edən şirkətlərin adları, müəssisələrin təyinatı, ətraf mühitə təsirləri haqqında məlumatlar, foto və videolar verilib.
“Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov qeyd edib ki, Ermənistanın və bu ölkədə işləyən xarici şirkətlərin dünyada qəbul olunmuş ekoloji norma və standartlar gözlənilmədən apardıqları ekosid fəaliyyəti dərhal dayandırılmalıdır, Ermənistanın bütün bölgəni zəhərləməsinin qarşısı alınmalıdır.
İnteraktiv rəqəmsal xəritədə Azərbaycan xalqına məxsus milli toponimlər olduğu kimi verilib, yer adları ilə bağlı tarixi xəritələrə istinadlar edilib.
Bakı Dövlət Universitetinin geodeziya və kartoqrafiya üzrə tədqiqatçıları elmi-tədqiqat işlərində xəritədən geniş istifadə edəcəklərini bildiriblər. Sonda suallar cavablandırlıb, müzakirələr aparılıb.
“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin “Cənubi Qafqazın ekoloji təhlükəsizliyinə dair elektron xəritə” layihəsinin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.