
Ankarada Qərbi Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilib
"Azəri-Türk" Qadınlar Birliyi “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” layihəsinin icrasına başlayıb. 2025-ci il mayın 21-də layihə çərçivəsində Türkiyənin Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirin açılışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub və Türkiyədə belə bir tədbirin keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edərək, konfransın işinə uğurlar arzulayıb.
Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, TBMM-nin üzvü Efkan Ala Qərbi Azərbaycanla bağlı Türkiyədə bu səviyyədə konfransın keçirilməsinin tarixi əhəmiyyətindən danışıb.
Konfrans panel müzakirələri ilə davam edib.
Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin Tarix İnstitutunun direktoru Prof. Dr. Kamal Çiçəyin moderatorluğu ilə baş tutan Qərbi Azərbaycanın tarixindən bəhs edən I paneldə tanınmış tarixçilər, professorlar İlbər Ortaylı, Aygün Attar, Tufan Gündüz, Okan Yeşilot və İbrahim Ethem Atnur çıxışlar ediblər.
TBMM-in Qadınlar və Kişilər arasında İmkan Bərabərliyi Komissiyasının sədri Çiğdəm Ərdoğanın moderatorluğu ilə keçirilən “Qərbi Azərbaycan: hüquqi və humanitar aspektlər” adlı II paneldə isə TBMM-in Komissiya sədrləri - Vedat Bilgin və Derya Yanık, TBMM-in üzvü Zeynəb Yıldız, tanınmış alimlər geniş müzakirələr aparıblar.
Konfransda Qərbi Azərbaycan həqiqətləri barədə Qərbi Azərbaycan Televiziyası tərəfindən hazırlanan sənədli film də nümayiş etdirilib.
Sonda konfrans iştirakçıları adından tədbirin yekun sənədi qəbul edilib və iştirakçılara təşəkkürnamələr təqdim edilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.