QHT-lərə Dövlət Dəstəyi Agentliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı şəhid ailələrinin övladları üçün tədbir təşkil edib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı şəhid ailələrinin övladları üçün tədbir təşkil edib.
Tədbirdə polkovnik-leytenant Soltan Məmmədovun, polkovnik-leytenant Vidadi Xəlilovun, mayor Natiq İsmayılovun, mayor İlkin Rzayevin, mayor Surxay Noçuyevin, baş leytenant Tural Əsgərlinin, kiçik çavuş Elçin Bağırovun, kiçik çavuş Elşən Musayevin, maxe Müzəffər Ağaliyevin övladları iştirak ediblər.
İlk öncə Agentliyin icraçı direktoru Aygün Əliyeva tədbiri giriş sözü ilə açaraq şəhid ailələrinin övladları ilə tanış olub, bu əlamətdar gün münasibətilə uşaqları təbrik edib, şəhidlərimizin əmanətlərinə hər zaman yanlarında olduğumuzu bildirib. A. Əliyeva deyib ki, uşaq hüquqları insan hüquqlarının ən vacib istiqamətlərindən biridir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev uşaq hüquqlarının qorunmasına böyük önəm verir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaq hüquqlarının qorunmasına hər zaman xüsusi dəstək verir.
A. Əliyeva qeyd edib ki, dövlətimiz uşaq və gənclər üçün yaradılan imkanları genişləndirir. Bu həm də vətəndaş cəmiyyətinin, ayrı-ayrılıqda hər bir fərdin qarşısında duran vəzifədir.
Daha sonra çıxış edən “Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin sədri Sevinc Alızadə hər zaman şəhid övladlarına göstərilən diqqət, qayğıya görə ölkə Prezidentinə təşəkkür edib. O bildirib ki, bu gün ölkəmizdə Heydər Əliyev Fondunun da xüsusi dəstəyi ilə uşaqlar üçün yaradılan imkanlar genişləndirilir. Uşaqlarla bağlı səmərəli siyasət həyata keçirilir, qanunvericilik təkmilləşdirilir, uşaqların qorunması, uşaqların şəraitinin yaxşılaşdırılması üçün təhsil, səhiyyə və digər sahələrdə onların inkişafı üçün müxtəlif tədbirlər görülür.
Sonra uşaqlara hədiyyələr təqdim edilib və onların istirahətinin təşkili üçün “Suraxanı Gəmi Muzeyi”nə səfər təşkil olunub.
“Suraxanı Gəmi Muzeyi”nə uşaqlara yaratdıqları şəraitə görə təşəkkürümüzü bildiririk.