QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İyunun 11-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının iclasında qurumun fəaliyyətinin qurulması prosesində vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakını təmin etmək məqsədilə yaxın zamanlarda QHT nümayəndələri və ekspertlər ilə görüşlərin keçirilməsi razılaşdırılıb. Eyni zamanda, Agentliyin Müşahidə Şurasının üzvlərinin əlaqələndirdiyi sahələr üzrə QHT təmsilçiləri ilə məsləhətləşmələrin aparılması barədə təkliflər müzakirə olunub, onlarla görüşlərin keçirilməsi prosesinə başlanması qərara alınıb.
İclasda mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında yaradılan ictimai şuralarla bağlı vəziyyət müzakirə olunub, bu sahədə problemin öyrənilməsi və tövsiyələrin hazırlanması üzrə işçi qrup formalaşdırılıb.
Daha sonra ləğv olunmuş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ötən dövrdən qalmış öhdəlikləri barədə məsələ müzakirə olunub. Qərara alınıb ki, Agentliyin strukturu müəyyən olunduqdan sonra Şuranın öhdəlikləri barədə arayış hazırlanaraq Müşahidə Şurasının növbəti iclasında yenidən müzakirəyə çıxarılsın.
Sonda Agentliyin əməkdaşlarının işə götürülməsi ilə bağlı komissiya formalaşdırılıb və bu istiqamətdə müvafiq işlərə başlanılması qərara alınıb.