ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Azər Allahverənov

MÜŞAHİDƏ ŞURASININ ÜZVÜ

2021-ci ildən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktorudur.

Həyatı

Azər Allahverənov 20 fevral 1972-ci il tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub. Ailəlidir, iki övladı var.

Təhsili

1979-1989-cu illərdə Bakı şəhəri Nəsimi rayon 152 saylı orta məktəbdə təhsil alıb.

1990-1996-cı illərdə Kazan Dövlət Universitetinin tarix fakültəsində tam ali təhsil alaraq ali təhsil müəssisəsini bitirdikdən sonra “tarixçi və tarix müəllimi” ixtisasına yiyələnib.

1989-1990-cı illərdə Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyətinin (rus dilində: ДОСААФ) Bakı məktəbində “Radio-Lokasiya Stansiyasının operatoru” üzrə,

1991-1992-ci illərdə Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyətinin (rus dilində: ДОСААФ) Kazan məktəbində “Rabitəçi-teleqrafçı” ixtisasları üzrə təhsil alıb.

1997-ci ildə ABŞ-ın İSAR təşkilatının təşkil etdiyi “QHT-lərin fundamental İdarə Olunması” və həmin ildə ABŞ-ın Process Consulting Company şirkətinin təşkil etdiyi “Təlimçilər üçün Təlim” mövzularda təşkil olunan silsilə təlimlərdə iştirak edib.

2000-ci ildə ABŞ-ın İREX təşkilatının “Mədəniyyətlərarası Dialoq üzrə Yay Məktəbi”ndə, həmin ildə ABŞ-ın Global Source Net Azerbaijan-ın təşkilatçılığı ilə təşkil olunmuş “English Students’ Summer Workshop” aylıq tədris proqramının məzunu olub.

2008-ci ildə Avropa Komissiyasının (AK) dəstəyi ilə APRİ İnternational tərəfindən “PRAG/PADOR Prosedurları” və “AK-ın Azərbaycandakı qrant prosedurları və Project Cycle Management” mövzularında keçirilmiş təlimlərdə iştirak etmiş, müvafiq sertifikat və diplomlarla təltif olunmuşdur.

Əmək fəaliyyəti

Azər Allahverənov 1989-cu ilin avqust ayından etibarən əmək fəaliyyətinə başlamış və o vaxtdan etibarən aşağıdakı vəzifələri icra etmişdir:

1989-1990-cı illərdə Azərbaycan SSR-nin Dövlət Aqrar Sənaye Komitəsinin Respublika Hesablama Mərkəzinin elektron-hesablama maşınları üzrə 3-cü dərəcəli elektro-mexaniki;
1990-1991-ci illərdə Kazan Dövlət Universitetinin Tələbə şəhərciyinin mühafizəçisi;
1991-1992-ci illərdə “Olimp” Təmir-tikinti kooperativində ekspeditor;
1993-1997-ci illərdə Azərbaycan Gənclər İttifaqının (keçmiş Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının Azərbaycan Mərkəzi Komitəsi) Nəsimi Rayon Komitəsinin təşkilat şöbəsinin müdiri, 1994-cü ildən bu Komitənin sədr müavini;
1997-1999-cu illərdə Uşaq və Gənclərin Xeyriyyə Fondunun sədri;
1999-2001-ci illərdə Azərbaycan Gənclər İttifaqının təşkilat şöbəsinin müdiri və beynəlxalq məsələlər üzrə sədr müavini;
1997-2002-ci illərdə Bakı şəhərində fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrində baş müəllim, o cümlədən 1999-2001-ci illərdə Odlar Yurdu Universitetində Sosial və ictimai fənlər kafedrasının müdir müavini, baş müəllimi və eyni zamanda bu universitetin Tələbə Elmi Cəmiyyətinin sədri;
2008-2009-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Diplomatik Akademiyasında diplomatik korpus nümayəndələri üçün təşkil olunan ixtisasartırma kurslarında miqrasiya mövzuları üzrə ictimai məruzəçi;
2000-2004-cü illərdə Beynəlxalq Miqrasiya Təşkilatı və “Həyat” Beynəlxalq Humanitar Təşkilatı tərəfindən təsis edilmiş Miqrasiya Resurs Mərkəzinin Məlumat Proqramının rəhbəri, 2002-ci ildən həmin Mərkəzin əlaqələndiricisi;
2004-2005-ci illərdə “Həyat” Beynəlxalq Humanitar Təşkilatının Proqramlar üzrə Direktoru və 2006-2008-ci illərdə bu təşkilatın vitse-prezidenti;
2008-2019-cu illərdə “Həyat” Beynəlxalq Humanitar Təşkilatının (2016-cı ildən “Həyat” Humanitar Dəstək İctimai Birliyinin) sədri;
2004-2014-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə icra olunmuş “Azərbaycanda qaçqın və sığınacaq axtaran şəxslər üçün sosial və təhsil yardımı” layihəsinin proqram rəhbəri;
2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Azərbaycan Nümayəndəliyində Proqram əməkdaşı/monitoru;
2017-ci ildə Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin Nəqliyyat Departamentinin Hökumətlə Əlaqələr və İnteqrasiya üzrə Meneceri;
2020-2021-ci illərdə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin keçirdiyi  “Sosial layihələr” müsabiqəsinin qalibi və bu birliyinin maliyyə dəstəyi ilə icra olunan “Məcburi köçkünlərin məşğulluq imkanlarının artırılması” layihəsinin rəhbəri;
2020-ci ilin 18 oktyabr tarixində təsis olunmuş “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin təsisçisi və sədri;
2022-ildən Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzinin  Miqrasiya üzrə milli ekspert vəzifəsini icra edir.


Dövlət qurumlarında fəaliyyəti

2007-2021-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi-Araşdırmalar Mərkəzinin Baş elmi işçisi vəzifəsini icra edib.

Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2021-ci il tarixli Sərəncamı ilə yeni yaradılmış Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təyin edilib.

İctimai fəaliyyəti

Azər Allahverənov 1988-ci ildən etibarən ictimai fəaliyyətlə məşğuldur və həmin vaxtdan etibarən aşağıdakı ictimai vəzifələri icra edib:

1988-1989-cu illərdə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının Nəsimi Rayon Komitəsinin nəzdində fəaliyyət göstərən və ictimai nəzarəti həyata keçirən  “Komsomol projektoru” dəstəsinin rəhbəri;
1991-1993-cü illərdə Kazan şəhərində fəaliyyət göstərən azərbaycanlıların mədəni mərkəzi olan, ətrafında 30 mindən çox azərbaycanlını birləşdirən “Oğuz” cəmiyyətinin İdarə Heyətinin üzvü və sədr müavini;
“Qeyir-hökumət təşkilatları və xeyriyyə fəaliyyəti haqqında” Qanunun hazırlanması üzrə işçi qrupunun üzvü;
1998-2000-ci illərdə ABŞ-ın Avrasiyada Sosial Hərəkət və Yenilənmə üçün Təşəbbüs (İSAR) təşkilatının  ekspert qrupunun üzvü;    
1990-cı ildə Qeyri-hökumət təşkilatlarının Forumunun təsis edilməsi üzrə Təşkilat komitəsinin üzvü;
2000-2009-cu illərdə miqrasiya sahəsində çalışan 40-dan artıq qeyri-hökumət təşkilatını birləşdirən “Miqrasiya məsələləri ilə məşğul olan Azərbaycan QHT-lərinin Forumu”nun (FANQOM) icraçı direktoru;
2001-ci ildə Böyük Britaniyanın Beynəlxalq Həyəcan təşkilatının rəhbərliyi altında əmək miqrasiyası və insan alveri ilə mübarizə sahəsində konsepsiyaların yazılması üzrə işçi qrupunun üzvü;
2004-cü ildə ABŞ-ın Con Hopkins Universitetinin rəhbərliyi altında insan alveri üzrə elmi-metodiki kursun hazırlanması üzrə işçi qrupunun üzvü;
2009-2022-ci illərdə ABŞ Dövlət Departamenti tərəfindən İnsan alveri barədə illik hesabatın hazırlanmasında, o cümlədən qaçqın və məcburi köçkünlər, miqrasiyanın digər həssas qrupları ilə bağlı araşdırma üzrə milli məsləhətçisi;
2010-2014-cü illərdə sülh quruculuğu sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarının “Sülh və Tərəqqi naminə Dialoq” Konsorsiumunun təsisçisi və icraçı direktoru;
2006-2011-ci illərdə Almaniyanın AWO Bremerhaven təşkilatının “Heimatgarten” Proqramının Azərbaycan üzrə əlaqəli şəxsi;
2007-2010-cu illərdə Avrasiya Siyasi Tədqiqatlar Şəbəkəsinin Azərbaycan üzrə ölkə nümayəndəsi;
2007-ci ildə Danimarka Qaçqınlar Şurasının rəhbərliyi altında fəaliyyət göstərən Cənubi Qafqazda Restitusiya siyasəti üzrə Beynəlxalq İşçi Qrupunun üzvü;
2007-2008-ci illərdə Dövlət Gənclər Siyasəti Konsepsiyasının yazılması üzrə işçi qrupunun rəhbəri;
2008-2009-cu illərdə MDB Gənclər Elitası Forumunun təşkilat komitəsinin üzvü;
2009-2020-ci illərdə Avrasiya Vətəndaş Təşəbbüsləri Platformasının rəhbəri;
2015-ci ildən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri;
2020-ci ildən “İNJURİA” Elektron Hüquq Jurnalının redaksiya şurasının üzvü;
2019-2022-ci illərdə Dövlət Miqrasiya Xidməti tərəfindən icra olunan “Miqrasiya məktəbi” layihəsinin məruzəçisi;
2020-2022-ci illərdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün “Miqrasiya proseslərinin idarə olunmasında vətəndaş cəmiyyəti institutlarının rolu”,  “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” və “Maraqlar toqquşması və onların qarşısının alınması” mövzuları üzrə təlimçi;
2021-ci ilin fevral ayının 08-də təsis edilmiş və hazırda 30-dan çox QHT-ni özündə birləşdirən  “Azərbaycan – 2030: Sosial və İqtisadi Tərəqqi Naminə” QHT Koalisiyasının yaradılmasının təşəbbüskarı, təsisçisi və Rəyasət Heyətinin sədri.


Elmi fəaliyyəti

1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun Sosial fəlsəfə şöbəsinə dissertant kimi qəbul olunmuş və “Vətəndaş cəmiyyətinin qərarlaşmasında ictimai sektorun inkişafı vacib amildir (sosial-fəlsəfi təhlil)” mövzusunda elmi tədqiqat işinə başlamışdır. 14 sentyabr 2002-ci il tarixində adı çəkilən mövzuda dissertasiya işini müdafiə etdikdən sonra Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 09 mart 2004-cü il tarixli qərarı ilə sosial fəlsəfə üzrə fəlsəfə doktoru  elmi dərəcəyə layiq görülmüşdür.

2005-ci ilin yanvar ayından Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun Sosial fəlsəfə şöbəsində fəlsəfə elmləri doktoru elmi dərəcəsi üzrə “Sistemli transformasiya şəraitində sosial marginallıq və milli identiklik: qarşılıqlı əlaqə və təsirlənmə problemləri” mövzusunda tədqiqat işi üzərində çalışır.

2007-ci il 14-16 iyun tarixlərində Türk Milli Polisinin, Polis Tədqiqatları üzrə Türk İnstitutunun və Şərqi Kentukki Universitetinin (ABŞ) təşkilatçılığı ilə “Demokratiya və Qlobal Təhlükəsizlik” mövzusunda keçirilmiş 2-ci İstanbul Konfransı üçün “İnsan alveri: qlobal problem kimi və Azərbaycanda mövcud vəziyyət” mövzusunda hazırladığı analitik yazı ümumdünya üzrə keçirilmiş müsabiqədə iştirak etmiş mindən artıq yazı arasında qalib elan olunaraq iyirmi beş yazıdan biri hesab edilmişdir.

Müxtəlif vaxtlarda Beynəlxalq Miqrasiya Təşkilatının, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının, Avropa İttifaqının, Miqrasiya Siyasətinin İnkişafı üçün Beynəlxalq Mərkəzin, Beynəlxalq Əmək Təşkilatının, Danimarka Qaçqınlar Şurasının, Terrorizm, Transmilli Cinayətkarlıq və Korrupsiya Mərkəzinin (ABŞ)  və digər beynəlxalq təşkilatların təşkilatçılığı ilə keçirilmiş çox sayda elmi-praktiki və beynəlxalq konfranslarda, seminar və təlimlərdə məruzəçi qismində iştirak etmiş, həmin təşkilatların həyata keçirdiyi proqramların miqrasiya məsələləri üzrə tədqiqatçısı və eksperti olmuşdur.

Müəllifi olduğu nəşrlər

Azərbaycan Respublikasında və xarici ölkələrdə nəşr edilmiş və əsasən sosial və humanitar, o cümlədən miqrasiya mövzularında yazılmış əlliyə yaxın artıq elmi  məqalənin və publisistik yazının müəllifidir. Bununla yanaşı aşağıdakı nəşrlərin, o cümlədən bir sıra kitab, tədqiqat və metodik tövsiyələrin müəllifidir:

Bələdiyyə üzvlüyünə namizəd öz seçki kampaniyasını necə təşkil etməlidir. Bakı: “Qanun” nəşriyyatı, 1999 (həmmüəllif);
Azərbaycanda üçüncü sektor: nəzəriyyə və praktika (ingilis və rus dillərində). “Mərkəzi Asiya və Qafqaz” ictimai-siyasi jurnal (İsveç) // №5(17), 2001, səh. 7-20;
Azərbaycanda miqrasiya vəziyyəti (ingilis və rus dillərində). “Mərkəzi Asiya və Qafqaz” ictimai-siyasi jurnal (İsveç) // №2(20), 2002, səh. 198-208;
Azərbaycanda insan alveri: mübarizə tarixi və hazırkı vəziyyət (ingilis dilində) // Qlobal miqrasiyanın yenidən dərk olunması: Avropanın qonşuluq ölkələrində təcrübələr, siyasət və diskurslar. Ankara: KORA/METU, 2008, səh. 227-233;
Cənubi Qafqazın münaqişə bölgələrində qaçqınların/məcburi köçkünlərin qayıdışının problemləri və perspektivləri (rus dilində). Tbilisi: SDİQİ, 2008 (həmmüəllif);
Azərbaycan əməyin istismarı və insan alveri determinantları: ümumi baxış (ingilis dilində). Bakı: Beynəlxalq Əmək Təşkilatı, 2008 (həmmüəllif);
Azərbaycan rəqs sənədinin şah əsəri – Əminə Dilbazi. Bakı: “Elm və təhsil” poliqrafiya-nəşriyyat müəssisəsi, 2010 (həmmüəllif);
Dağlıq Qarabağ münaqişəsində məcburi yerdəyişmə: qayıdış və onun alternativləri (ingils dilində). London: Concilation Resources, 2011 (həmmüəllif);
Emiqrasiya sosial təsirləri və Mərkəzi və Şərqi Avropada kənd-şəhər miqrasiya. Ölkə üzrə yekun hesabat. Azərbaycan (ingilis dilində). Avropa İttifaqı/GVG, 2012 (həmmüəllif);
Avropa İttifaqı və Şərq Tərəfdaşlıq Ölkələri arasında fəhlə qüvvəsinin mobilliyinin məsrəfləri və faydaları – Ölkə hesabatı: Azərbaycan (ingilis dilində). Varşava, CASE, 2013 (həmmüəllif);    
Yol təhlükəsizliyinin pasportunun yaradılmasına dair metodik tövsiyə. Bakı: “Tərəqqi” MMC, 2016;
Məcburi köçkünlərin sosial vəziyyətinə dair ümumi qiymətləndirmə. Bakı: “Tərəqqi” MMC, 2018;
Əcnəbilərin Azərbaycan cəmiyyətinə səmərəli inteqrasiyası (metodik tövsiyə). Bakı:, “Tərəqqi” MMC, 2019;
COVİD-19 koronavirus pandemiyası şəraitində ölkə ərazisində qalan əcnəbilərin cəmiyyətə inteqrasiyasının hüquqi aspektləri. Bakı: “Tərəqqi” MMC, 2020;
Azərbaycanda yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin cəmiyyətə inteqrasiyasına dair bələdçi. Bakı: “Tərəqqi” MMC, 2022. 


Təltiflər

Miqrasiya sahəsində uzunmüddətli fəaliyyətə və vətəndaş cəmiyyəti sektorunda xüsusilə fərqləndiyinə görə bir sıra dövlət təltiflərinə və digər mükafatlara layiq görülmüşdür:

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” yubiley medalı (24.05.2017);
“Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı (11.03.2019);
Azərbaycan Respublikası Prezidentinin 17 mart 2021-ci il tarixli 2538 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı (17.03.2021);
Türk Milli Polisinin və Türk Polis Tədqiqatları İnstitutunun Fəxri Fərmanı (16.06.2007);
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində ictimai nəzarətin təşkilinə, miqrasiya sahəsində maarifləndirmə işində yaxından iştirakına və ictimaiyyətlə səmərəli fəaliyyətin təşkilinə görə Dövlət Miqrasiya Xidmətinin rəisinin Fəxri Fərmanı (21.06.2019);
Miqrasiya sahəsində ictimai nəzarətin həyata keçirilməsində, aşkarlığın və şəffaflığın təmin olunmasında, ictimaiyyətlə səmərəli fəaliyyətin təşkilində və miqrantların hüquqlarının müdafiəsində iştirakına görə Dövlət Miqrasiya Xidmətinin rəisinin Fəxri Fərmanı (29.07.2021).

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl