Özbəkistanda “Nəsil ağacı” sənədli filmi özbək dilində nümayiş etdirilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı mədəni irs və abidələr” adlı sərgi və “Nəsil ağacı” sənədli filminin özbək dilində nümayişi olub.
Tədbirdə Özbəkistanda yaşayan azərbaycanlılar, Qərbi Azərbaycan icmasının təmsilçiləri, qardaş ölkənin mədəniyyət, təhsil, ictimaiyyət xadimləri, universitet tələbələri iştirak ediblər.
Filmin təqdimatından əvvəl Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində “Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı mədəni irs və abidələr” adlı fotosərgi baş tutub. Fotoşəkillərdə Qərbi Azərbaycan ərazisində Azərbaycanın tarixi, dini abidələri, İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz və s. mahallarda xalqımız tərəfindən yaradılan mədəni irs nümunələri öz əksini tapıb.
Daha sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin ərsəyə gətirdiyi “Nəsil ağacı” sənədli filminin yaradıcı heyəti çıxış edib.
Filmin ssenari müəllifi Ayaz Mirzəyev və prodüser Elnur Niftəliyev filmin nümayişinin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
Daha sonra “Nəsil ağacı” sənədli filmi nümayiş etdirilib. Qərbi Azərbaycanın qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və yaralı insan taleləri üzərində qurulan sənədli filmdə XX əsrdə hazırkı Ermənistan ərazisindən öz yurdlarından 4 dəfə kütləvi deportasiyaya məruz qalan azərbaycanlı əhalinin çətin və faciəli həyatı öz əksini tapıb.