ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Özbəkistanda “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti keçirilib
19 MAY 2024 - 16:00

Mayın 18-də Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin və “İpək Yolu” Vəqfinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti keçirilib.
Sammit Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlayıb.
Azərbaycan-Türkiyə Qadınları Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı Qərbi Azərbaycan torpaqlarının, Zəngəzurun Türk dünyasının coğrafi baxımdan iki yerə bölünmüş hissələri arasında körpü olduğunu bildirib. 
Tənzilə Rüstəmxanlı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin edildiyini, bu uğurlu siyasətin Qərbi Azərbaycana dinc qayıdışı da təmin edəcəyinə əminliyini ifadə edib. O, Mərkəzi Asiyada - qardaş Özbəkistanda “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammitinin keçirilməsinin bu nəcib işə dəstək olduğunu bildirib. Tənzilə Rüstəmxanlı layihəyə dəstək verdiyi üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlıq edib. 
“İpəkyolu” Strateji Araşdırmalar Vəqfi İdarə Heyətinin sədri Seyfullah Türksoy Azərbaycanın əldə etdiyi tarixi qələbədən sonra yaranmış yeni reallıqlar müstəvisində Qərbi Azərbaycana dönüş məsələsinin xəyaldan reallığa çevrildiyini bildirib. 
Özbəkistan parlamentinin Ailə və Qadın komissiyasının rəhbəri Cəmilə Şərmuhammedova Özbəkistan və Azərbaycan qardaşlığının sarsılmazlığından danışıb.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da ifadə etdiyi kimi bundan sonra Türk dünyası daha sıx birləşməlidir. 
O, bu sammitin Daşkənddə keçirilməsinin rəmzi mənasına diqqət çəkib. 
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Qərbi Azərbaycan İcmasının nümayəndəsi Osman Hacıyev, Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Mobil Мəmmədov, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin sədri İqbal Babayev, Özbəkistanın tanınmış yazıçıları Tahir Kahhor və Babaxan Şərif, professor Oinisə Musurmanova çıxışlarında Qərbi Azərbaycana qayıdışın təmin edilməsi istiqamətində böyük iş aparıldığını qeyd ediblər.
Sammit “Qərbi Azərbaycana qayıdışın Türk Dünyasına təzahürü”, Böyük Qayıdış. Azərbaycanlı qaçqınların qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlmiş mövcud strategiya və mexanizmlər” mövzularında panel müzakirələrlə davam edib.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Xalq şairi Sabir Rüstəmxanlının moderatorluğu ilə keçirilən birinci paneldə professor Çətin Almas, Özbəkistan Axısxa Türkləri Dərnəyinin sədri Ömər Salman, Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutunun doktorantı Mövluda Erkin Raxmanova, Qırğızıstan-Türkiyə MANAS Universitetinin baş müəllimi, tarixçi-alim Abdiraşit Babatayev, Qırğızıstan-Türkiyə MANAS Universitetinin baş müəllimi, türkoloq-alim Çingiz Buyar və digər qonaqlar çıxışlar ediblər. 
Seyfullah Türksoyun moderatorluğu ilə keçirilən ikinci paneldə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Naqif Həmzəyev, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər, “Yaşlıq” jurnalının baş redaktoru Nurilla Çori, Qırğızıstanın “Issık Göl” Forumunun sədri Dinara Cumabayeva və Əməkdar jurnalist Etibar Babayev Qərbi Azərbaycana qayıdış strategiyasının mühüm aspektləri barədə müzakirələr aparıblar. 
Sonda Azərbaycan-Türkiyə Evinin icraçı direktoru Toğrul Allahverdili sammitin yekununan dair bəyanat mətnini səsləndirilib.
Qeyd edək ki, Qərbi Azərbaycana qayıdış mövzusu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün müsabiqə mövzuları içərisində də əsas prioritetlərdən biridir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl