Kuala-Lumpurda “Rənglərlə Qarabağa səyahət” adlı rəsm sərgisi keçirilib
Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı”dır. Bu il iyunun 24-də “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin icra etdiyi “Malayziyadan görünən Şuşa” layihəsi çərçivəsində Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində “Rənglərlə Qarabağa səyahət” adlı rəsm sərgisi keçirilib.
Kuala-Lumpurun İncəsənət Qalereyasında təşkil olunan sərgidə Azərbaycan rəssamlarının Şuşa mövzusunda çəkdiyi 30-a yaxın rəsm əsəri nümayiş olunub.
Sərginin keçirilməsində məqsəd bu ölkədə Şuşanın tarixi, vəziyyəti haqqında təsəvvür yaratmaq, 30 ilə yaxın işğal altında qalmış şəhərin tariximizdə və mədəniyyətimizin inkişafındakı rolunu göstərməkdir.
Sərgidə, həmçinin Şuşa və Qarabağ mövzularında musiqilər səslənib, Azərbaycan mətbəxinin təamları təqdim edilib, “Şuşa Azərbaycanın mədəniyyət paytaxtı”, “Qarabağ” adlı bukletlər paylanıb.
İyunun 25-də isə Kuala-Lumpur şəhərindəki Yunus Əmrə İnstitutunda Şuşa şəhərinin tarixinə həsr olunmuş dəyirmi masa keçirilib, “Şuşanın dağları başı dumanlı” bədii-sənədli film nümayiş olunub. Filmin ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Nəsimi Məmmədoğludur.
“Rənglərlə Qarabağa səyahət” adı altında başlayan üç günlük sərgi və mədəniyyət tədbirləri iyunun 26-da yekunlaşıb.
Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.