Naxçıvanda jurnalistikaya həsr olunan konfrans keçirilib
İyunun 29-da Jurnalist Ekspert Mərkəzinin icra etdiyi “Azərbaycan jurnalistikasının 149 illik yoluna elmi-nəzəri və təcrübi baxış” layihəsi çərçivəsində Naxçıvan şəhərində konfrans keçirilib.
Layihə rəhbəri Ceyhun Musaoğlunun moderatorluğu ilə Naxçıvan Dövlət Universitetində keçirilən konfransda tədqiqatçılar jurnalistikanın tarixi mərhələləri üzrə mühazirələr deyiblər.
İctimaiyyət nümayəndələrinin iştirakı ilə gerçəkləşən tədbirdə “Azərbaycan jurnalistikasının hazırlıq dövrü” – (1875-ci ilə qədərki dövr), “Azərbaycan milli mətbuatının, jurnalistika sisteminin yaranması və formalaşması dövrü” – (1875-1917-ci illər), “AXC dövrünün mətbuatı” – (1918-1920-ci illər), “Sovet dövrü Azərbaycan jurnalistikası” – (1920-1991-ci illər), “Müasir Azərbaycan jurnalistikası” – (1991-ci ildən başlayan və davam edən dövr), “Sosial şəbəkələrin peşəkar mediaya mənfi və müsbət təsirləri” mövzularında söylənilən mühazirələr ətrafında geniş müzakirələr aparılıb.
Layihə çərçivəsində nəşr olunan “Fövqündə” adlı kitab konfrans iştirakçılarına hədiyyə verilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.