Qubada 43 yaşayış məntəqəsindən 290 nəfər gənc üçün intellektual oyunlar təşkil olunub
“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Mədəni irsimiz milli kimliyimizdir!” adlı Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği layihəsi yekunlaşıb.
Layihə çərçivəsində ümumilikdə Quba rayonunun 43 kənd və qəsəbəsindən olan 290 nəfər yeniyetmə və gəncin iştirakı ilə Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, milli musiqisinin, milli geyim və rəqslərinin, sənətkarlarının tanıdılması məqsədilə “Nə? Harada? Nə zaman?” formatında intellektual turnirlər keçirilib.
İntellektual turnirin final mərhələsində rayonun 12 müxtəlif kənd və qəsəbə zonalarında yaşayan və təhsil alan 60 nəfər yeniyetmə və gəncdən ibarət komanda iştirak edib.
“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov bildirib ki, yarışın keçirilməsində əsas məqsəd Azərbaycanın mədəni irsinin gənc nəsil arasında təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin olunmasıdır.
Alekseyevka kəndinin “Bayraqdar”, Çartəpə kəndinin “Zəka”, Hacıqaib kəndinin “Heredot”, Qacar Zeyid kəndinin “Qacar Zeyid”, Amsar kəndinin “Amsar”, Üçgün kəndinin “Odlar Yurdu”, İsnovqışlaq kəndinin “Zirvə”, Alpan kəndinin “Xankəndi”, Hacıhüseynli kəndinin “Turan”, Qımılqışlaq kəndinin “Qımılqışlaq”, Zərdabi qəsəbəsinin “İstiqlal” və Barlı qəsəbəsinin “Viktoriya” komandalarının iştirak etdiyi turnirdə qalib adını Alekseyevka kəndini təmsil edən “Bayraqdar” komandası qazanıb. Alpan kəndini təmsil edən “Xankəndi” komandası ikinci, Amsar kəndini təmsil edən “Amsar” biliciləri isə üçüncü yeri tutublar.
Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.