“BiblioDrama: Oxu! Düşün! Həyatını dəyiş!” layihəsi icra olunur
“Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyi “BiblioDrama: Oxu! Düşün! Həyatını dəyiş!” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində iyunun 28-də Sumqayıt Gənclər Evində gənclərlə görüş keçirilib.
Layihə rəhbəri, psixoloq Kamil Həmidov bildirib ki, layihənin məqsədi regionlarda yaşayan gənc və yeniyetmələri oxu mədəniyyətinə psixoloji təsir üsulları vasitəsilə təşviq etmək, onlarla sıx təmasda olan müəllim və kitabxanaçılara bu üsulları öyrətməkdir.
Təlimdə gənclər ilk olaraq, oxuduqları kiçik hekayəni müzakirə ediblər. Daha sonra onların içərisindən seçilmiş 1 nəfərlə qısa müddətli psixoloji seansı dinləyiblər. Seans zamanı eşitdikləri həyat hekayəsi ilə oxuduqları bədii hekayəni əlaqələndirərək mini qruplarda yeni hekayələr – “demidov dialoqları” yazıblar. Yekunda isə moderotorun müşayiəti altında hər bir hekayə “psixodrama” üsulu ilə işlənilib, nəticədə sessiyaya çıxan gənc özünün aktual inkişaf probleminin həllinə yönəlik bir neçə çıxış yolları ilə tanış olub.
Xatırladaq ki, iyunun 27-də təlimçi-psixoloqlar aktiv təlim texnikasından istifadə edərək müəllimlərə də öz şagirdlərini kitab oxumağa maraq yaratmağın psixoloji yolları ilə tanış ediblər.
Layihə çərçivəsində təlimlər davam edəcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.