Laçında gənclər və qadınlar üçün sahibkarlıq bacarıqlarının inkişafına dair layihə icra olunub
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi “Qarabağda qadınların və gənclərin sosial rifahına dair təşəbbüslər” adlı layihə çərçivəsində təlimlərin icrasına başlayıb.
İyulun 16-da Laçın şəhərində məskunlaşan gənclər və qadınlar üçün təlim həyata keçirilib. İctimai Birliyin sədri İlqar Hüseynli bildirib ki, layihənin məqsədi Qarabağ müharibəsi zamanı məcburi köçkün statusu daşımış gənclərə sahibkarlıq bacarıqlarının artırılmasına və sahibkarlığa başlama prosesində dəstək olmaqdır. Təlimlər Qayıdış çərçivəsində kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək məqsədini daşıyır.
Təlim zamanı sahibkarlıqla bağlı müxtəlif təqdimatlar edilib, iştirakçılar ABAD, KOBİA və Sahibkarlığa Kömək Milli Fondu kimi sahibkarlığı dəstəkləyən qurumlarla bağlı informasiyalar əldə ediblər.
Layihə çərçivəsində silsilə təlimlər Zəngilan (Ağalı kəndi), Füzuli, Cəbrayıl-4 şəhərciyi və Zobucuq yaşayış məntəqələrində də davam edəcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.