“Sosial iş” ixtisası üzrə təhsil alan bir qrup tələbə “Sosial işin keyfiyyətinin artırılması” layihəsində bir araya gəlib
Əlilliyə Erkən Yardım “Portec Şəbəkəsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sosial işin keyfiyyətinin artırılması” layihəsi üzrə təlimlər yekunlaşıb.
Layihə çərçivəsində təlimlər ilk qruplar üzrə 29-30 iyun, 6-7 iyul, ikinci qrup üzrə 13-14 iyul, 20-21 iyul tarixlərində keçirilib. Müraciət etmiş 145 nəfər arasından 40 nəfər seçilərək təlimlərə cəlb olunub.
İctimai Birliyin sədri Gülnarə Pənahova bildirib ki, təlimlərə “sosial iş” ixtisası üzrə təhsil alan müxtəlif universitetlərin tələbələri cəlb edilib.
Təlimlərdə qrup işləri, rollu oyunlar, psixoloji testlər, həmçinin real keyslər üzrə aparılan işlər, keys menecment, ilkin qiymətləndirmə, konsultasiya qaydaları mövzuları ətrafında müzakirələr aparılıb. Bunlarla yanaşı, mütəxəssislər tərəfindən nəzəri mövzular, yerli və beynəlxalq qanunvericilik aktları, onların bu sahədə tətbiq mexanizmləri, qəbul olunmuş yeni qanunvericilik sənədləri və qərarlar, həmçinin bədən dili, nitq qabiliyyəti və s. kimi mövzuları tədris edilib.
Hər iki qrup üzrə təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Layihə avqust ayında yekunlaşacaq.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.