Qərbi Azərbaycanın maddi-mədəni abidələri ilə bağlı film hazırlanır
"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyi “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində Qərbi Azərbaycanın maddi-mədəni abidələri ilə bağlı film çəkilir.
İctimai Birliyin sədri Cəsarət Hüseynzadə bildirib ki, film Səlim Karvansarası, Təpəbaşı məscidi və Əmir Səəd türbəsi kimi tarixi abidələrdən bəhs edir. Layihənin məqsədi Azərbaycan tarixi abidələrinin Ermənistan tərəfindən məhv edilməsi, milli kimliyin və mədəni irsimizin silinməsi cəhdlərini beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
Filmin çəkilişləri artıq yekunlaşıb. Çəkilişlərə tanınmış tarixçi-araşdırmaçı alimlər cəlb olunub. Filmin xarici auditoriyaya çatdırılması üçün ingilis dilində subtitrlərdən istifadə ediləcək.
Layihə çərçivəsində eyni zamanda Qərbi Azərbaycanın maddi-mədəni abidələri ilə bağlı elektron baza da yaradılır.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.