Mingəçevirdə keçmiş köçkünlərə peşə hazırlıqlarına başlanıb
“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi “Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində iyulun 15-dən Mingəçevirdə məskunlaşan bir qrup keçmiş köçkünlərə peşə hazırlıqlarına başlanıb.
İctimai Birliyin sədri Fərman Nəbiyev bildirib ki, layihənin məqsədi Mingəçevirdə məskunlaşan və qayıdışa hazırlaşan keçmiş köçkünlərin məşğulluq ehtiyaclarını araşdırmaq və həlli üçün onlara nəzəri bilgilər və praktiki bacarıqlar verməkdir.
Benefisiarların istəklərinə uyğun olaraq, kompüter, stilist-vizajist, şirniyyat və dərzi xidmətləri göstərən altı sahibkarla müqavilə bağlanıb və təlimlərə başlanıb. Təlimlər sentyabrın 15-dək davam edəcək.
Qeyd edək ki, layihə çərçivəsində Mingəçevirdə keçmiş məcburi köçkünlərin məskunlaşdıqları ərazilər üzrə 65 ailə arasında sorğular aparılıb. Sorğular zamanı peşə öyrənməyə daha çox marağı və ehtiyacı olan ailələr müəyyənləşdirilib. Bundan sonra, 10 nəfər 6 günlük psixoloji, hüquqi və iqtisadi mövzuda nəzəri, ardınca sahibkar müəssisələrində usta yanında 2 aylıq praktiki kurslara cəlb olunub.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.