“Böyük Qayıdış prosesində Dayanıqlı İnkişaf Məqsədləri” layihəsinin icrasına başlanılıb
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin icra etdiyi “Böyük Qayıdış prosesində Dayanıqlı İnkişaf Məqsədləri” layihəsinin icrasına başlanıb.
Layihə çərçivəsində iyulun 26-da Laçın şəhərində ilk təlim keçirilib.
İctimai Birliyin sədri Vüqar Əhmədov bildirib ki, layihənin məqsədi biznes ideyalarını təşviq etmək və yeni sahibkarların yetişdirilməsinə dəstək göstərməkdir.
Təlim çərçivəsidə Laçında yeni məskunlaşan sakinlərə Dayanıqlı İnkişaf Məqsədlərinin mövcud olan 17 hədəfi haqqında məlumat verilib, qrup müzakirələri təşkil edilib, biznes və sahibkarlıq subyektlərini formalaşdırmaq üçün təqdimatlar keçirilib və məsləhət xidmətləri təşkil olunub. Rayonda potensial olaraq əkinçilik, heyvandarlıq, aqrar innovasiya, aqroturizm sahələrinin formalaşmasında iştirak məsələləri ilə bağlı qrup işləri və praktik tapşırıqlar həyata keçirilib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Layihə çərçivəsində Füzuli, Zəngilan və Şuşa şəhərlərində də təlimlər keçiriləcək.
Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.