"Qarabağ 360" layihəsinin icrasına başlanıb
Gələcək Naminə İctimai Birliyi "Qarabağ 360" layihəsinin icrasına başlayıb.
İctimai Birliyin sədri Tural İsaqov bildirib ki, layihənin məqsədi VR (Virtual Reallıq) texnologiyası vasitəsilə işğaldan azad olunan bölgələrin real vəziyyətinin rəqəmsal arxiv bazasını yaratmaq və gələcək nəsillərə ötürməkdir. Layihə işğaldan azad edilən bölgələrin görüntülərini VR texnologiyası ilə hazırlamaq və bu istiqamətdə təbliğat işləri aparmağı hədəfləyir.
İlkin mərhələdə işğaldan azad edilən bölgələrə səfərlər təşkil ediləcək və VR texnologiyası vasitəsilə dağıdılmış vəziyyətdə olan yerlərin görüntüləri qeydə alınacaq. Daha sonra qeydə alınmış 360 dərəcəlik VR görüntülər inteqrasiya edilərək VR texnologiyasını dəstəkləyən portallara yerləşdiriləcək. Növbəti mərhələlərdə isə hazırlanmış materiallar beynəlxalq qurum və təşkilatlara göndəriləcək.
Layihə çərçivəsində virtual səyahətlər təşkil ediləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.