“Xankəndidə quruculuq və bərpa” adlı layihə icra olunur
“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi “Xankəndidə quruculuq və bərpa” adlı layihənin icrasını davam etdirir.
Layihə çərçivəsində Xankəndi şəhərində aparılan quruculuq və bərpa işləri ilə bağlı videoçarx hazırlanması üçün çəkilişlərə başlanıb.
İctimai Birliyin sədri Xatirə Vəliyeva bildirib ki, layihənin məqsədi müxtəlif rayonlarda məskunlaşan Xankəndidən olan keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışına dəstək vermək, Xankəndi şəhərində aparılan quruculuq və bərpa işləri haqqında geri dönəcək sakinləri məlumatlandırmaqdır.
Xatırladaq ki, layihə çərçivəsində Ucar, Mingəçevir, Gəncə, Ağcabədi, Bərdə, Bakının “Qobu Park” yaşayış kompleksində, Goranboy, Ağcakənd rayonlarında məskunlaşan məcburi köçkünlərlə görüşlər keçirilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.