"Jest Dilində Danışan Uşaqlarda Ünsiyyətqurma Bacarığının və Lüğət Ehtiyatlarının Artırılması üzrə Təşəbbüslər" layihəsi yekunlaşıb
"Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi "Jest Dilində Danışan Uşaqlarda Ünsiyyətqurma Bacarığının və Lüğət Ehtiyatlarının Artırılması üzrə Təşəbbüslər" adlı layihəsinin icrasını yekunlaşdırıb.
Layihə çərçivəsində Abşeron Rayonu Heydər Əliyev Mərkəzində, Sumqayıt şəhər general M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyada, Lənkəran şəhəri Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində tədbir keçirilib.
Layihə rəhbəri Aidə Səfərova bildirib ki, layihənin məqsədi eşitmə və nitq qabiliyyəti tam məhdud olan şəxslərin ünsiyyət vasitəsi olan jest dilinin geniş ictimaiyyətə təbliğidir.
Tədbir zamanı iştirakçılar jest dilinin nəzəriyyəsi, daktil əlifba və jest dili lüğəti haqqında məlumatlandırılıb və iştirakçılara bu dildə bir neçə sosial çarx təqdim olunub, suallar cavablandırılıb.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.