Keçmiş məcburi köçkünlərin və qaçqınların hüquqlarının qorunmasına dair layihə icra olunur
Gənclər İnkişaf Naminə İctimai Birliyi “Qarabağda ictimai vəkillik platforması və multikultural reinteqrasiya” layihəsinin icrasını davam etdirir.
İctimai Birliyin sədri Rəvan Cəfərli bildirib ki,
Ermənistanın işğalçılıq siyasəti nəticəsində yüzminlərlə azərbaycanlı 30 il ərzində doğma torpaqlarından didərgin düşüb, məcburi köçkünlük həyatı yaşayıb. Onların evləri dağıdılıb, yaşayış yerləri minalanıb. Vətən müharibəsi və 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bu gün Böyük Qayıdış prosesi nəticəsində keçmiş məcburi köçkünlər öz doğma yurd yerlərinə qayıdır. Lakin Ermənistan dövləti törətdiyi müharibə cinayətlərinə, dağıntılara görə mütləq hüquqi müstəvidə cavab verməli, bu əməllərə, dəyən zərərlərə görə Azərbaycana təzminat ödəməlidir. Bu layihənin əsas məqsədlərindən biri də bu istiqamətdə müvafiq izahat işlərinin aparılmasıdır.
R.Cəfərli onu da deyib ki, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana dinc qayıdış hər bir azərbaycanlının arzusudur. Ermənistan dövləti multikultural reinteqrasiyada maraqlı olmalı, azərbaycanlı qaçqınların öz evlərinə qayıdışını təmin etməlidir.
Müzakirələrdə gənclər Azərbaycanın multikulturalizm modelinin nümunəvi xarakter daşıdığını bildiriblər.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.