“Yaşıl Könüllülər” layihəsinə yekun vurulub
Azərbaycan Könüllülər İctimai Birliyinin icra etdiyi “Yaşıl Könüllülər” layihəsi yekunlaşıb.
İctimai Birliyin sədri İmaməddin Quliyev bildirib ki, layihənin məqsədi gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirməklə, onları ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdır.
Layihə çərçivəsində iyulun 26-dan 30-dək 50 nəfərə yaxın gəncə təlim keçirilib. Təlimdə “COP29, ətraf mühitin mühafizəsi sahəsində görülən işlər və imkanlar”, “İqlim dəyişmələrinə və cəmiyyətin davamlılığına könüllülüyün töhfəsi”, “Gənclərin plastik tullantılara qarşı mübarizədə rolu” və digər mövzularda müzakirələr aparılıb, suallar cavablandırılıb. Həmçinin iştirakçılar üçün “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yerləşən “Tullantıdan sənətə” muzeyinə infotur təşkil olunub.
Layihənin bağlanış mərasimində layihə çərçivəsində hazırlanan “Yaşıl Könüllü” adlı videoçarx iştirakçılara təqdim olunub.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.