Bölgələrdə minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilir
“Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyi “Mina/PHS hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək” layihəsinin icrasını davam etdirir.
İctimai Birliyin sədri Rey Kərimoğlu bildirib ki, layihənin məqsədi mina/PHS hadisəsinin təsirlərinin azaldılması ilə bağlı proqramların hazırlanması üçün məlumat bazasının formalaşdırılmasıdır.
Layihə çərçivəsində Naftalan, Tərtər və Goranboyda beynəlxalq forma olan İNİSMA anketi əsasında sorğular keçirilib.
Sorğular əsasında toplanan məlumatlar mina və partlamamış hərbi sursatların insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə ediləcək və onların sosial vəziyyətinin yaxşılaşmasına kömək edəcək.
Növbəti sorğular Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Bakı və Sumqayıtda aparılacaq.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.