Fiziki məhdudiyyətli şəxslər üçün şahmat turniri və bilik yarışı keçirilib
“Biz Bir Ailəyik” Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyi “Fiziki məhdudiyyətli şəxslər üçün dəstək tədbirləri” layihəsinin icrasını yekunlaşdırıb.
Layihə çərçivəsində bu kateqoriyadan olan şəxslər üçün şahmat turniri və bilik yarışı keçirilib.
İctimai Birliyin sədri Günay Ağazadə bildirib ki, layihənin məqsədi fiziki məhdudiyyətli şəxslərin mədəni istirahətinin təşkili, yaradıcılıq, idman və digər qabiliyyətlərinin üzə çıxarılması, onların cəmiyyətə inteqrasiyasına təkan verilməsi, sağlam mənəvi körpünün yaradılmasıdır.
Şahmat turnirində 60 nəfər iştirak edib və yarış Olimpiya sistemi üzrə keçirilib. Bilik yarışında isə 94 nəfər iştirak edib, onlardan 5 nəfər əsas, 2 nəfər isə ehtiyat olmaqla 12 komanda şəklində mübarizə aparıblar.
Sonda qaliblərə sertifikatlar təqdim edilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.