Sağlamlıq imkanları məhdud və aztəminatlı ailələr üçün dərzilik təlimləri təşkil edilib
“Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun icra etdiyi “Ailələrdə sənətkarlığın təşviqi” layihəsi yekunlaşıb.
İctimai Birliyin sədri Gülbəniz Bayramova bildirib ki, layihənin məqsədi sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətdə müəyyən mövqe tutmasına dəstək olmaq, onların müəyyən peşə əldə etməsinə kömək etməkdir.
Layihə çərçivəsində 3 ay müddətində sağlamlıq imkanları məhdud və aztəminatlı ailələr üçün dərzilik təlimləri təşkil edilib.
Təlimlərə dərzilik bacarığı və yaradıcılıq qabiliyyəti olan 15 nəfərdən ibarət gənc seçilərək cəlb edilib. Onlara təlimçi tərəfindən eskizlərin çəkilməsi, geyimlərin konstruksiyası (ülgü çıxarma, tikiş), geyim tərtibi analizi və moda, dəb mədəniyyəti haqqında məlumatlar öyrədilib.
Təlimləri müvəffəqiyyətlə bitirən iştirakçılar “Bakı Tikiş Ev”inə təcrübəyə göndərilib və bacarıqlı tələbələr müvafiq sahə üzrə işlə təmin ediləcəkdir. Təcrübə zamanı gənc modelyerlər qrup işi olaraq kolleksiya da hazırlayıblar.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.