Fiziki məhdudiyyətli uşaq və gənclər üçün təlimlər keçirilir
“Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” İctimai Birliyi “Fiziki məhdudiyyətli şəxslərin idman motivasiyasının artırılması” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində Azərbaycan Autizm Mərkəzində əl işlərinin öyrənilməsi mövzusunda tədbir keçirilib.
İctimai Birliyin sədri Aynur Məmmədova bildirib ki, layihənin məqsədi fiziki məhdudiyyətli uşaq və gənclərin istedad və bacarıqlarını üzə çıxarmaq, özgüvən hisslərinin artmasına dəstək olmaqdır.
Tədbirdə 26 nəfər fiziki məhdudiyyətli uşaq və gənclərə təlimçilər tərəfindən müxtəlif muncuqlardan, lentlərdən istifadə edərək qolbaqlar, qablar, ləçəklərdən güllər və digər əşyalar hazırlamaq bacarıqları öyrədilib. İştirakçılar təlimin sonunda öz əl işlərini valideynlərinə hədiyyə ediblər.
Qeyd edək ki, layihə çərçivəsində Bakıda Azərbaycan Autizm Assosiasiyasında, Ramana qəsəbəsi Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, Sumqayıt şəhəri “Fun World” əyləncə mərkəzində müxtəlif istiqamətli təlimlər keçirilib.
Təlimlərdə iştirakçılara psixoloji xidmət göstərilib, özünəqulluq qaydaları, həmçinin qida hazırlama bacarıqları öyrədilib.
Layihənin icrası davam edir.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.