ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə yan tədbiri keçirilib
21 SENTYABR 2024 - 12:00

BMT-nin “Gələcəyin Sammiti” çərçivəsində 20 sentyabr 2024-cü ildə Nyu-Yorkda Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) və Azərbaycan Gənclərinin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Daha inklüziv COP29-a doğru: iqlim ədalətinə nail olmaq üçün gender bərabərliyi və sahələrarası uzlaşma üzrə əsas meyillərin ümumi axına qoşulması” mövzusunda yan tədbir təşkil olunub. Yan tədbirin tərəfdaşları BMT-nin Qadınlar Təşkilatı (UN Women), Qadınların Əsas Qrupu (Women Major Group), Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi olub. 
Yan tədbirdə 35 ölkədən 60 nəfər QHT təmsilçisi iştirak edib. 
Tədbirin moderatoru COP29 Təşkilat Komitəsinin üzvü, Azərbaycan Gənclərinin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” İctimai Birliyininin sədri Məryəm Məcidova yan tədbirin əsas mahiyyəti barədə iştirakçıları məlumatlandırıb, iqlim ədalətinin gender aspektlərindən bəhs edib. 
Pan-Afrika Ədalətli İqlim Alyansının (PACJA) İcraçı direktoru Dr. Mitika Mwenda, BMT-nin Qadınlar Təşkilatının İqtisadi Gücləndirmə üzrə  rəhbəri Dr. Jemimah Njuki, Keniya prezidentinin qadın hüquqları üzrə müşaviri Harriete Chiggai məruzələrlə çıxış edib. 
Onlar Azərbaycanın COP29-la əlaqədar qlobal təşəbbüslərinin önəminə toxunub və təqdir ediblər. 
Panel müzakirələrdə “Qadınların iqtisadi gücləndirilməsi, məlumat və iqlim dəyişmələri” mövzusunda Keniyanın “SDG Forum” təşkilatının icraçı direktoru Florens Syevuo, “İnsanların hərbi hüquqları, sülh və iqlim dəyişmələri” mövzusunda Nepalın İnsan Hüquqları və Ədalət Mərkəzinin (HRJC) icraçı direktoru Ojaswi K.C, “Yerli xalqları yeni iqtisadiyyatda gücləndirmək: qədim bilikləri müasir innovasiya ilə birləşdirmək” mövzusunda “IndiGenius Global” təşkilatının təsisçisi Aytəkin Əsgərova, “Gender ədalətli iqlim həlləri: qadınların lokal liderliyi və bunun milli səviyyədə iqlim siyasətləri üçün təsiri” mövzusunda “WMG”/“WECF” təşkilatlarının icraçı direktoru Sascha Gabizon, “Gender, irqi və iqtisadi ədalət üçün iqlim ədaləti çərçivələri: keçidi tənzimləmək üçün yollar” mövzusunda “WECAN” təşkilatının icraçı direktoru Osprey Orielle Lake çıxışlar edib. 
Tədbirdə COP29 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva da iştirak edib.
Yan tədbir sual-cavab sessiyası ilə başa çatıb, yekunda tədbir iştirakçıları birgə bəyanat da imzalayıb.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl