Mingəçevirdə keçmiş məcburi köçkünlər qayıdışa hazırlanır
“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin həyata keçirdiyi “Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: peşə bacarıqlarının artırılması” layihəsi başa çatıb.
Layihə çərçivəsində sentyabrın 20-də Mingəçevir Media Mərkəzində layihənin bağlanış mərasimi keçirilib. Mərasimdə kompüter proqramçısı, stilist-vizajist, şirniyyat və dərzi peşələrinə yiyələnən şəxslərə sertifikatlar təqdim olunub.
İctimai Birliyin sədri Fərman Nəbiyev bildirib ki, layihənin məqsədi Mingəçevirdə məskunlaşan və qayıdışa hazırlaşan keçmiş köçkünlərin məşğulluq ehtiyaclarını araşdırmaq və həlli üçün onlara nəzəri bilgilər, praktiki bacarıqlar verməkdir.
Layihə çərçivəsində Mingəçevirdə keçmiş məcburi köçkünlərin məskunlaşdıqları ərazilər üzrə 65 ailə arasında sorğu aparılıb. Sorğu zamanı peşə öyrənməyə daha çox marağı və ehtiyacı olan ailələr müəyyənləşdirilib. 2 ay ərzində 10 nəfər 6 günlük psixoloji, hüquqi və iqtisadi mövzuda nəzəri, ardınca sahibkar müəssisələrində usta yanında 2 aylıq praktiki kurslara cəlb olunublar.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.