“İtkin düşmüş Azərbaycan vətəndaşlarının hüquqlarının BMT müstəvisində müdafiəsi” layihəsi yekunlaşıb
“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin icra etdiyi “İtkin düşmüş Azərbaycan vətəndaşlarının hüquqlarının BMT müstəvisində müdafiəsi” layihəsi başa çatıb.
Layihə çərçivəsində sentyabrın 26-da layihə ilə bağlı yekun tədbir keçirilib. Tədbirdə 25-ə yaxın itkin ailəsinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib.
İctimai Birliyin sədri Könül Behbudova bildirib ki, layihənin məqsədi BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupunun (ZQİİQ) itkin düşmüş azərbaycanlılar üzrə məlumatlılığının artırılması və itkin düşmüş şəxslərin fundamental hüquqlarının qorunmasıdır.
Bildirilib ki, layihə çərçivəsində BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupuna müraciətlər göndərilib. Bu müraciətlər itkin düşmüş azərbaycanlılar haqqında məlumatlandırmanın miqyasını artırmağa kömək edəcək.
Həmçinin layihə çərçivəsində İctimai Birliyin veb saytı (itkin.az) təkmilləşdirilərək, itkin düşmüş şəxslərlə bağlı bölmələr genişləndirilib.
Tədbirdə veb sayt nümayiş etdirilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir